AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, professor Qəzənfər Kazımovun “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili (“Dağılan tifaq” pyesi əsasında)” monoqrafiyası çapdan çıxıb.

Kitab Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi münasibətilə təkrar nəşr edilib. Monoqrafiyanın elmi redaktoru mərhum akademik Əbdüləzəl Dəmirçizadə, rəyçiləri filologiya elmləri doktoru, professor Zeynal Tağızadə və dosent İsmayıl Əfəndiyevdir.

Ə.Haqverdiyevin dram dilinin tədqiqinə həsr olunmuş əsərdə ədibin “Dağılan tifaq” pyesi əsas götürülsə də, digər pyeslərinin dilinə də müraciət edilib. Kitabda “Dağılan tifaq” pyesinin dil materialı əsasında dramaturqun xalq dilindən istifadə ustalığı, əsərin leksik, frazeoloji və qrammatik-üslubi xüsusiyyətləri öyrənilib. Sonda pyesin lüğəti verilib, sözlərin mənşəyi və işlənmə kəmiyyəti göstərilib.

Monoqrafiyada pyeslə bağlı elmi təhlillər “Ə.Haqverdiyev və ədəbi dilimiz”, “Yazıçı duyğusu, dilçi əməliyyatı”, “Leksik və üslubi-semantik xüsusiyyətlər”, “Dram dilinin frazeologiyası” və “Üslubi-qrammatik xüsusiyyətlər” adlı fəsillərdə əksini tapıb.