Müsabiqənin 1-ci mərhələsinin müddəti uzadılıb
Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il dekabrın 1-dən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə layihələrin qəbulu reqlamentə əsasən yanvarın 17-də başa çatmalı idi. Lakin müsabiqəyə göndərilən sənədlərin toplanması və bəzi müəlliflər tərəfindən ssenarilərinin tamamlanması üçün əlavə vaxt verilməsi ilə bağlı edilən müraciətləri nəzərə alaraq, müsabiqənin layihələrin qəbulu mərhələsinin yanvar ayının 31-dək uzadılmasına qərar verilib.
Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək. Reqlamentlə bu link vasitəsilə ətraflı şəkildə tanış olmaq mümkündür: http://mct.gov.az/az/bfdestek2022
Nəticələr mart ayının sonunda www.culture.gov.az saytında və “Mədəniyyət” qəzetində elan olunacaq.