“Turizm ili”ndə həyata keçiriləcək silsilə tədbirlərin qanunvericilik sahəsində müvafiq addımlarla tamamlanması, bu sahənin sürətli inkişafına zəmin yaradacaq
   
   Müstəqilliyimizin ilk illərində çoxsaylı daxili və xarici problemlərin məngənəsinə düşən respublikamız çətin və mürəkkəb dövlət quruculuğu yolu keçdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıtması ilə Azərbaycanda ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, iqtisadiyyatda tənəzzülün qarşısı alındı, bütün sahələrdə dinamik tərəqqinin təməli qoyuldu.
   
   Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan strateji inkişaf xətti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin dünyaya inteqrasiyası sürətlənir, beynəlxalq miqyasda nüfuzu möhkəmlənir.
   İqtisadiyyatda baş verən struktur dəyişiklikləri qeyri-dövlət sektorunun rolunu daha da artırıb. Sənaye və kənd təsərrüfatı məhsullarının istehsalında, tikinti, nəqliyyat, ticarət, rabitə, informasiya və kommunikasiya texnologiyaları sahələrində böyük uğurlar əldə olunub. Əlverişli makroiqtisadi şərait, aparılan islahatlar ölkə həyatının bir çox sahələrində olduğu kimi, turizm sahəsinin inkişafına da təkan verib.
   Nadir təbii-iqlim şəraiti olan Azərbaycanda turizmin inkişafı üçün münbit imkanlar var. Yer kürəsindəki 11 iqlim qurşağından 9-nun ölkəmizdə olması, fauna və flora aləminin zənginliyi, təbiət və tarixi qoruqların, ovçuluq təsərrüfatlarının mövcudluğu, Xəzər dənizi boyunca istirahət zonalarının yerləşməsi, 6 mindən artıq memarlıq və mədəniyyət abidəsinin qorunub saxlanılması ölkənin beynəlxalq turizm bazarına daxil olmasına real zəmindir. Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından ötən 20 il ərzində turizmin inkişafına təkan verəcək bir çox mühüm qanunvericilik aktları qəbul edilib. Ötən müddətdə bu sahədə mühüm işlər görülüb, “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında” və s. kimi mühüm normativ aktlar qəbul edilib.
   Prezident Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin yaradılmasından sonra turizmin inkişafında yeni dönəm başlandı. Ölkədə turizmin inkişafı və turizm ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədi ilə ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu dönəmin təməlini qoydu. Proqramın başlıca məqsədi turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin sosial-iqtisadi inkişafını təmin edən vasitələrdən biri kimi turizm resurslarından səmərəli istifadəni təmin etmək idi. Bu məqsədlə Dövlət Proqramında turizm potensialından səmərəli istifadə etmək, sahibkarlığı inkişaf etdirmək, rəqabətə davamlı turizm bazarı yaratmaq, büdcəyə daxil olan vəsaitin həcmini artırmaq, xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək, xarici investorları turizm sahəsinə cəlb etmək və s. mühüm vəzifələr müəyyən edilmişdi. Proqramda qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilib.
   Son illərdə prezident İlham Əliyevin turizmin inkişafına göstərdiyi diqqət bu sektorun inkişafına yeni üfüqlər açıb. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi yaradıldıqdan sonra turizmin inkişaf etdirilməsi istiqamətində işlər daha da gücləndirilib, sonrakı 5 ildə turizm sahəsinə təkan verəcək məqsədyönlü işlər görülüb, turizm və sahəvi qanunvericilik zənginləşdirilib.
   2004-2008-ci və 2009-2013-cü illər üzrə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ları, “Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”, “Azərbaycan kurortları” Dövlət Proqramı, “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” kimi mühüm sənədlər turizmin inkişafına yeni zəmin yaradıb.
   Bundan əlavə, “Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün vizaların müddətlərinin uzadılması Qaydaları”, “Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması Qaydası”, “Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi”, “Kurortlar haqqında Nümunəvi Əsasnamə”, yeni dövlət standartları və s. kimi mühüm sənədlər qüvvəyə minib. Bütün bu addımlardan sonra ölkə prezidenti tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi bu sahəyə dövlət qayğısının bariz nümunəsi olmaqla bərabər, turizmin inkişafı üçün gələcək irimiqyaslı tədbirlərin təməlinin qoyulması deməkdir.
   Bu gün dünya turizm bazarındakı qeyri-sabitlik fonunda Azərbaycana daha çox turist cəlb edilməsi sahəsində addımlar atılır və bu addımlar yaxın vaxtlarda öz bəhrələrini verəcək. Turizm sahəsində qanunvericiliyin təkmilləşdirilməsi işi də davam etdirilir. 2011-ci ilin əvvəlindən müvafiq qanunlara əlavə və dəyişikliklər edilib, yeni qaydalar təsdiqlənib. Bu baxımdan “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklərin edilməsi turizm axınının artmasına kömək edəcək. Bundan əlavə, 2011-ci ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının qərarı ilə “Turizm bələdçilərinin və tərcüməçi-gidlərin ixtisaslaşmalarını təsdiq edən professional attestasiyanın keçirilmə qaydaları və şərtləri haqqında Əsasnamə”nin təsdiqlənməsi bələdçi-gidlərin fəaliyyətini nizamlamaqla bu sahədə olan boşluqları aradan qaldıracaq. Eyni zamanda, ilk dəfə olaraq, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının mədəniyyət və turizm qanunvericiliyi” toplusu hazırlanıb. Bu toplu sayəsində mədəniyyət və turizm sahəsində çalışanlar üçün müvafiq qanunvericiliklə tanışlıq prosesi asanlaşacaq, qanunvericiliyin axtarışına vaxt sərfiyyatı minimuma enəcək. Toplu sahibkarlar, hüquqşünaslar, tədqiqatçılar, müəllimlər, tələbələr üçün də mühüm əhəmiyyət kəsb edir.
   “Turizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərin qanunvericilik sahəsində müvafiq addımlarla tamamlanması ölkəmizdə turizmin sürətli inkişafına, Azərbaycanın dünya turizm bazarında layiqli yer tutmasına mühüm töhfə ola bilər.
   
   Cavid Quliyev,
   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə
   Elmi-Metodiki Mərkəzin bölmə müdiri, Azərbaycan Turizm
   İnstitutunun müəllimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar