Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi ərəfəsində çapdan çıxıb...

Azərbaycan mədəniyyətinin, incəsənətinin və tarixini xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının türk dilində növbəti sayı çapdan çıxıb. Ankarada nəşr olunan dərginin yeni buraxılışında oxuculara Qarabağ həqiqətləri ilə bağlı müfəssəl məlumat verilir.

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30 illiyinə həsr olunan jurnalın bu nömrəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər nəticəsində regionda yaranmış yeni geopolitik vəziyyətə geniş yer ayrılıb. Xatırladaq ki, yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi tamam olub. Jurnalın baş redaktoru Musa Mərcanlı yazdığı ön sözdə bütün bu barədə ətraflı söz açılır.

Azərbaycanın Respublikasının mədəniyyət naziri Anar Kərimov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, professor Kürşad Zorlu və digər tanınmış şəxslərin məqalələrində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə, işğaldan azad olunan ərazilərə Böyük Qayıdış, 2021-ci ilin 15 iyununda Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsinin əhəmiyyəti, Qarabağın tarixi, erməni terrorizminin amansızlığı və s. mövzulardan bəhs olunur.

Türkdilli oxucuların diqqətinə çatdırılır ki, bütün mənalarda Qarabağ Azərbaycan üçün həyat deməkdir. Azərbaycan və Türkiyə arasında tarixi köklərə əsaslanan qardaşlıq və dostluq münasibətlərinin inkişaf dinamikası böyük Qarabağ Zəfərində həlledici gücə malik olub.