Masallı rayonunun Şərəfə kəndində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərə həsr olunmuş “Şərəfli döyüş yolu” kitabının təqdimatı keçirilib.

Pərvanə Ziyadovanın müəllifli olduğu kitab 9 şəhidin ömür yoluna həsr olunub. Təqdimat mərasimində çıxış edənlər 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən və kitabda haqqında yazılan, rayonun Şərəfə və Ağaşbəyli kəndlərindən olan şəhidlərin qəhrəmanlıqlarından danışıblar.

Müəllif Pərvanə Ziyadova bildirib ki, Vətən yolunda canından keçən qəhrəmanların xatirəsi hər zaman ehtiramla yad edilir.

Çıxışlardan sonra Masallı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının aktyor və rejissoru Cəmaləddin Əliyev və Şərəfə kənd məktəbinin tarix müəllimi Sərmayə Musayevanın birgə hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib. Kompozisiyada iştirak edən məktəblilərə “Şərəfli döyüş yolu” kitabı hədiyyə olunub.

Təqdimatdan sonra mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edərək ruhlarına dualar oxuyublar.