Özbək tədqiqatçısı Ölməzbəy Xocayevin Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai əsərlərində oxşar xüsusiyyətlərin şərhi (elmi-publisistik məqalələr)” adlı kitabı nəşr olunub. Kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Nizami Gəncəvinin 880 və Əlişir Nəvainin 580 illiyi münasibətilə çapdan çıxıb.

Vətənində həm də Özbəkistan və Qaraqalpaqıstan Yazıçılar Birliyinin üzvü, şair-jurnalist kimi tanınan Ölməzbəy Xocayevin “Ana Vətənim”, “Yaşamaq eşqi”, “Ürəkdəki zəlzələ”, “Türküstan dəftəri” şeirlər, “İki sahil” hekayələr, “Qadın işığı” tərcümə, “Əzizlik” publisistik, “Dəqiq ... Sübutsuz” şeir-dastanı, “Ölməz sənət təbliğatçısı” adlı esse və etiraflar kitabları müxtəlif illərdə oxucuların görüşünə gəlib.

“Nizami Gəncəvi və Əlişir Nəvai əsərlərində oxşar xüsusiyyətlərin şərhi” adlı kitabında Ölməzbəy Xocayevin elmi-publisistik məqalələri yer alıb. Bu məqalələrdə tədqiqatçı Azərbaycan və özbək ədəbiyyatının, klassik türk xalqları ədəbiyyatının iki mütəfəkkir şairi Nizami Gəncəvi və Əlişir Nəvai əsərlərindəki ümumi xüsusiyyətləri araşdırıb. Kitabın məsləhətçi və rəyçiləri professor Muqimcan Qırğızbəyov, filologiya elmləri doktorları Aftandil Erkinov, filologiya elmləri doktoru, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin professoru Almaz Ülvi, filologiya elmləri namizədi Mamura Rəşidovadır.