Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycanın Serbiyadakı Səfirliyi, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Belqradda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Nizamini oxuyaq” kitab-albomunun təqdimatı keçirilib. Kitab-albom ötən il TÜRKSOY-un layihəsi əsasında ərsəyə gəlib.
Belqrad Meriyasında təşkil olunan təqdimatda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Mispah Demircan, Serbiyanın mədəniyyət və informasiya nazirinin müavini Stanko Blaqoyeviç çıxış ediblər.
Düsen Kaseinov ingilis dilində nəşr olunan və indiyədək bir neçə şəhərdə təqdimatı keçirilən “Nizamini oxuyaq” kitab-albomu haqqında məlumat verib.
Kamil Xasiyev bildirib ki, Nizami Gəncəvi fenomen olaraq bütün dünya üçün örnəkdir: “Nizami Gəncəvinin yaşadığı dövrdən əsrlər sonra onun əsərlərindən Türk dünyası, Yaxın Şərq mütəfəkkirləri, eləcə də avropalı fikir adamları ilham alıblar”.
Çıxışlarda Nizaminin humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirlərindən bəhs edilib. Mütəfəkkir şairin əsərlərinin əlyazmalarının bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanıldığı qeyd olunub.
Sonra kitabın təqdimatı üçün rəmzi lent kəsilib. D.Kaseinov səfir Kamil Xasiyevə və Serbiyanın mədəniyyət nazirinin müavini Stanko Blaqoyeviçə TÜRKSOY-un Nizami Gəncəvinin 880 illiyi münasibətilə hazırladığı xatirə lövhələrini təqdim edib.
Tədbir iştirakçıları Nizami Gəncəviyə həsr edilən sərgi ilə tanış olub, şairin sözlərinə yazılmış romanslardan ibarət musiqi proqramını dinləyiblər.
Mehparə Sultanova
Ankara