İstedadlı rəssam və memar, Gənclər üçün Prezident mükafatı (2021) laureatı, Naxçıvan Dövlət Universiteti (NDU) Memarlıq kafedrasının müəllimi İsmayıl Cəfər oğlu İsmayıllı bədbəxt hadisə nəticəsində vəfat edib.

İsmayıl 1991-ci ildə Ordubad rayonunun Nüsnüs kəndində anadan olub. 2016-cı ildə NDU-nu memarlıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2016–2017-ci illərdə həmin universitetdə metodist işləyib. 2017-ci ildən Memarlıq kafedrasının müəllim kimi fəaliyyət göstərib.

Rəssam 2019-cu ildə Yaradıcı gənclər festivalında memarlıq üzrə qalib olub. 2014–2018-ci illərdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Rəssamlar Birliyinin keçirdiyi yaradıcılıq sərgi-müsabiqələrində I, II yerlərə layiq görülüb.

Sosial media hesablarında 2021-ci ili “ən uğurlu ili" kimi xarakterizə edən rəssamın ərsəyə gətirdiyi son işlərdən biri şəhid general Polad Həşimovun portreti idi. İsmayıl İsmayıllı ötən il Azərbaycan Memarlar İttifaqına üzv qəbul edilmişdi.

Allah rəhmət eləsin.