1 500 000 000 000 dollar

 

Dünyanın 10 ən zəngin adamı COVİD-19 pandemiyası zamanı sərvətlərini ikiqat artırarkən bəşəriyyətin 99 faizinin gəliri azalıb.

Qlobal yoxsulluğun azaldılmasına diqqət yetirən xeyriyyə təşkilatı “Oxfam” Davosda keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində qeyri-bərabərliyə dair hesabatını açıqlayıb.

“Oxfam”a görə, pandemiyanın başladığı 2020-ci ilin martından bəri dünyanın 10 ən varlı adamının, o cümlədən İlon Mask, Ceff Bezos və Bill Qeytsin sərvəti iki dəfədən çox artaraq 1,5 trilyon dollara çatıb. Bu, dünyanın ən yoxsul 3 milyard insanının ümumi qazancından altı dəfə çoxdur.

Koronavirus pandemiyasının milyarderlərin xeyrinə olduğunu bildirən “Oxfam”ın icraçı direktoru Qabriela Buçer səhmlərinin artması sayəsində super zənginlərin sayının artdığını da vurğulayıb.