Bölgələrdəki mədəniyyət müəssisələrində 20 Yanvar tədbirləri

 

Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində tariximizin qəhrəmanlıq səhifəsi olan 20 Yanvarın 32-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilir.

Lənkəran Regional Mədəniyyət İdarəsi (RMİ) Lənkəran şəhər Heydər Əliyev Mərkəzi tərəfindən Lənkəran şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında “20 Yanvar – şərəf və qürur günümüz!” adlı inşa müsabiqəsi keçirilir. Müsabiqənin nəticələri Lənkəran RMİ-nin, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin sosial şəbəkə səhifələrində və Heydər Əliyev mərkəzlərinin informasiya portalında yayımlanacaq.

İdarənin tabeliyindəki Astara rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı sənədli film nümayiş etdirilib.

 

Sabirabad RMİ-nin təşəbbüsü ilə 20 Yanvara həsr olunmuş “Torpaq uğrunda ölənlər” adlı kompozisiya nümayiş olunub. Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq teatrının hazırladığı kompozisiya (quruluşçu rejissor Nicat Əliyev) tamaşaçılara şəhidlərimizin xatirəsinin əbədiliyini aşılayıb. Sonda idarə rəisi Fərid Qurbanzadə mədəniyyət mərkəzinin kollektivinə yaradıcı fəaliyyətlərində uğurlar arzulayaraq bu tipli tədbirlərin davamlı olmasının zəruriliyini qeyd edib.

 

İsmayıllı RMİ İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar – Zəfərə aparan yol” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin 40-a yaxın şagirdi iştirak edib. Qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılacaq.

Ağsu rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvarın 32-ci ildönümünə həsr edilən rəsm sərgisi açılıb. Ağsu Mədəniyyət sarayının foyesində təşkil olunan “20 Yanvar milli qürur günümüzdür” adlı sərgidə uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsmlər nümayiş olunub. Müəlliflər rəsmlərdə xalqımıza qarşı törədilən faciəni əks etdirməklə yanaşı, həm də insanların azadlıq uğrunda mübarizə əzmini, bu yolda dönməzliyini təsvir etməyə çalışıblar.

 

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi” adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, 1990-cı ilin Yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Odur ki, xalqımız 32 il əvvəl baş verən hadisələri qürur və şərəf günü kimi xatırlayır.

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Bağbanlı qəsəbə, Alpan, Amsar və Xucbala kənd kitabxanalarında “20 Yanvar – qəhrəmanlıq və qürur günüdür” adlı tədbirlər təşkil olunub.

 

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə 20 Yanvara həsr olunmuş kitab sərgisi nümayiş etdirilib. Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası şəhər istirahət parkında “Xalqın azadlığını, şərəf və ləyaqətini ucaldan tarix” adlı səyyar sərgi təşkil edib. Sərgidə 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş 70-dən çox kitab və dövri mətbuat materialı nümayiş olunub.

 

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Çıxışlarda 20 Yanvarın xalqımızın tarixində yerindən söz açılıb. Qeyd olunub ki, keçmiş sovet imperiya ordusu qarşısına əliyalın çıxaraq canlarından keçmiş şəhidlər müasir tariximizin qəhrəmanları kimi xatırlanır.

 

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 20 Yanvarın 32-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə mövzu ilə bağlı fotoşəkillər və kitablar yer alıb.

N.Məmmədli