Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində – “Expo Dubai – 2020” dünya sərgisində “Əbu-Dabi Dayanıqlılıq Həftəsi”nin açılışı olub və “Zayed Dayanıqlılıq Mükafatı”nın təqdimetmə mərasimi keçirilib. Tədbirlərdə Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

2008-ci ildən etibarən ənənəvi olaraq keçirilən, müxtəlif ölkələrdən nümayəndə heyətlərinin, sahibkarların, elm adamlarının qatıldığı “Əbu-Dabi Dayanıqlılıq Həftəsi” bu mövzuda dünyanın ən aparıcı tədbirlərindən hesab olunur.

“Qlobal əməkdaşlıq və liderlik”, “İqtisadi inkişaf, texnologiya və innovasiya” mövzularına həsr olunmuş “Əbu-Dabi Dayanıqlılıq Həftəsi – 2022” tədbirinin əsas ideyası qlobal iqlim və dayanıqlılıq məqsədlərinə çatmaq üçün zəruri iqtisadi inkişaf həllərinin, texnologiyaların və innovasiyaların tətbiqi məsələsidir.

Baş nazirin müavini Əli Əhmədov tədbir çərçivəsində BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Raşid əl-Məktumla görüşüb. Yüksək səviyyəli tədbirə dəvətə görə minnətdarlığını bildirən Əli Əhmədov Baş nazirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını çatdırıb. BƏƏ-nin Baş naziri dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Əli Əhmədov BƏƏ-nin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramah ilə də görüşüb. Görüş əsnasında “Masdar” şirkəti tərəfindən ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrə, ölkəmizin işğaldan azad edilən ərazilərində investisiya qoyuluşu imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini “Expo Dubai – 2020” kompleksində Azərbaycan pavilyonunu da ziyarət edib.