Xəbər verdiyimiz kimi, 13-22 yanvar tarixində Qətərin paytaxtı Dohada keçirilən 31-ci Beynəlxalq Kitab Sərgisində ölkəmiz də iştirak edir. Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təmsil olunduğu sərgidə qurulan milli stendimizdə Azərbaycan, ərəb, ingilis dillərində kitablar yer alıb. Sərginin ziyarətçiləri Azərbaycan stendi ilə də maraqla tanış olurlar.

31-ci Doha Beynəlxalq Kitab Sərgisindəki Azərbaycan pavilyonunda tanınmış rus şərqşünası Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının ərəb dilində nəşrinin təqdimatı olub. Professor Y.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi ilə ərəb dilinə tərcümə olunaraq nəşr edilib.

Mərasimi Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Nizami Gəncəvinin Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi ən qüdrətli dühalardan biri olduğunu vurğulayıb. Bildirib ki, böyük şairi səkkiz əsrdən çox ürəklərdə yaşadan əsas amil onun öz əsərlərində ümumbəşəri ideyaları, mənəvi dəyərləri, xalqlar arasında dostluğu, insanlar arasında bərabərliyi və digər mənəvi dəyərləri tərənnüm və təbliğ etməsidir.

Kərim Tahirov 2020-ci ildə xalqımızın otuzillik həsrətinə son qoyan, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən bəhs edən “Dəmir yumruğun gücü” kitabının Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərəb dilində nəşri və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ərəb dilində nəşr etdiyi “Azərbaycanın qadın ziyalıları” kitabı barədə də təqdimat iştirakçılarına məlumat verib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli belə mötəbər beynəlxalq sərgidə 3 mühüm kitabın eyni zamanda təqdimatının  əlamətdar hadisə olduğunu deyib. O, təqdim olunan nəşrlərin Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi uğurlu layihələrdən olduğunu qeyd edərək Milli Kitabxananın direktoruna, eləcə də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevaya, nəşrlərin ərəbcə işıq üzü görməsində iştirak etmiş misirli ədəbiyyatşünas, tərcüməçi Əhməd Sami əl-Aydiyə, habelə Azərbaycanın Qətərdəki Səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirib.

Təqdimatda Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism, səfirliyimizin  nümayəndəsi, Qətərdə yaşayan və işləyən mütəxəssislər, stendimizin ziyarətçiləri iştirak  ediblər.

Tədbirin sonunda hər üç kitabın nüsxələri tədbir iştirakçılarına paylanılııb və onlar Azərbaycandan gətirilmiş milli mətbəximizin ləziz nümunələrinə qonaq ediliblər.

***

31-ci Doha Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Qətər Milli Kitabxanasının icraçı direktoru xanım Tan Huism ilə görüşüb.

Kərim Tahirov 4 il öncə Qətər və Azərbaycan milli kitabxanaları arasında bağlanmış qarşılıqlı əməkdaşlığa dair memorandumun əhəmiyyətini vurğulayıb, bu sənədə əsasən, informasiya, kitab və təcrübə mübadiləsinin həyata keçirildiyini söyləyib. Direktor hər iki kitabxanada qarşılıqlı olaraq Azərbaycana və Qətərə dair guşələrin yaradılmasını təklif edib.

Xanım Tan Huism həmkarının irəli sürdüyü təklifə razı olduğunu bildirib və bu işi təşkil etmək üçün tədbirlərin görüləcəyini deyib.

Görüşdə iştirak edən Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Qətər Milli Kitabxanasını 2023-cü ildə keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisinə dəvət edib.

Görüşün sonunda Kərim Tahirov xanım Tan Huismə Azərbaycan Milli Kitabxanası adından nəşrlər hədiyyə edib.

Xanım Tan Huism qonaqları Qətər Milli Kitabxanasının ekspozisiyası ilə tanış edib.

***

Azərbaycan nümayəndə heyətinin üzvləri dünyanın ən modern kitabxanalarından  hesab olunan Qətər Milli Kitabxanasında da olublar. Kitabxananın muzeyində mühafizə olunan Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının 1529-cu ildə üzü köçürülən əlyazması və digər kitab kolleksiyaları xüsusilə böyük maraq doğurub.