20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.

Bu sözlər yanvarın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə vurğulanıb.

Tədbirdə çıxış edən Milli Kitabxananın beynəlxalq əlaqələr və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova bildirib ki, Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Milli Kitabxana da bu tarixi gündə müxtəlif tədbirlər – kitab təqdimatları, sərgilər təşkil edir. Bu il də Milli Kitabxana “20 Yanvar – qan yaddaşımız” adlı elektron məlumat bazası və mövzu üzrə virtual sərgi hazırlayaraq onlayn rejimdə istifadəçilərə təqdim edib.

Milli Kitabxananın elmi işlər və informasiya resurslarının inkişafı üzrə direktor müavini Mələkxanım Hacıyeva çıxışında bildirib ki, biz hər il 20 Yanvar hadisələrinin ildönümünü qeyd edərkən həmin tarixi günləri yaşayırıq. Qanlı Yanvar hadisələri illər keçsə də, yaddaşlarımızdan silinməyəcək.

Milli Kitabxananın əməkdaşı Səyyarə Məmmədli Zəfər Gününə həsr etdiyi şeirini oxuyub.

Sonda iştirakçılar “20 Yanvar – Hüzn və Milli Qürur Günü” adlı kitab sərgisi ilə tanış olublar.