Ümumxalq Hüzn Günü Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində də qeyd edilib. Yanvarın 19-da məktəbin müəllimi Fəriqə Məmmədzadənin təşkilatçılığı ilə “20 Yanvar – qan yaddaşımız” adlı tədbir keçirilib.

Tədbirdə 1990-cı ilin Qanlı Yanvarı ilə bağlı fotoşəkillər, videomateriallar əsasında hazırlanmış təqdimat olub, tarixi hadisə haqqında ətraflı məlumat verilib. Məktəbin şagirdləri Lamiyə Lətifova, Fatimə İsmayılzadə, Kənan Məmmədov, Əmirə Terequlova, Mehriban Quliyeva, Tamerlan Məmmədli və Ömər Məmmədli 20 Yanvar şəhidlərinin xatirəsinə ithaf olaraq musiqi proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli çıxış edərək bildirib ki, 20 Yanvar tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. 32 il əvvəl baş verən bu faciə xalqımız üçün nə qədər ağrılı-acılı olsa da, mili azadlıq mücadiləsinin şərəfli səhifəsi kimi tarixin yaddaşına əbədi həkk olunub. Azərbaycanın suverenliyi naminə ayağa qalxmış insanlara divan tutmaq üçün Bakıya yeridilən keçmiş Sovet ordusunun hərb maşını xalqımızın iradəsini qıra bilmədi. Müstəqil Azərbaycan dövlətinin yaranması bu yolda şəhid olan Vətən övladlarının xatirəsinə ən böyük abidə oldu.