BMT-nin İnkişaf Proqramı yeni sorğunun nəticələrini açıqlayıb
   
   BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda «Turizmin inkişaf layihəsi» çərçivəsində keçirilən «Xarici vətəndaşların Azərbaycana dair təəssüratlarının öyrənilməsi» adlı növbəti sorğunun nəticələri açıqlanıb. Müxtəlif istiqamətlər üzrə aparılan tədqiqatlar maraqlı nəticələr ortaya qoyur.
   
   Məlum olub ki, əcnəbi vətəndaşların böyük əksəriyyəti Azərbaycana məqsədyönlü səfər edirlər (97%). Qalan 3 % turist isə ölkəmizin ərazisindən tranzit olaraq istifadə edənlərdir. Tədqiqata əsasən, təxminən 70 faiz turist Azərbaycana işgüzar məqsədlərlə (biznes, tədbirlərdə iştirak), əlaqələr yaratmaq üçün gəlir. Əcnəbilərin Azərbaycana səfər etmələrinin ikinci əsas səbəbi isə əyləncə, maraq və istirahətdir (14,5%). İkincilərin əksəriyyətini Rusiya (38%) və Türkiyə (19%) vətəndaşları təşkil edir.
   Nəticələr onu deməyə əsas verir ki, hələlik Azərbaycana xaricdən turist axınına təkan verən faktorlardan biri ölkəmizdə təşkil olunan müxtəlif beynəlxalq tədbirlər, digəri isə əlverişli investisiya mühitidir.
   Sorğu nəticələri göstərir ki, Azərbaycanda hər bir turist orta hesabla 9,8 gün qalır. Əksəriyyət isə 1-6 gün qalmağa üstünlük verir (52,8%). Turistlərin əksəriyyəti Bakı şəhərində qalır. Regionlara isə 18 faiz əcnəbi turist səfər edir. Rayonlar turistləri əyləncə, istirahət, maraq yeri kimi (35%) cəlb edir. Azərbaycanda həm ənənəvi, həm də müasir müalicə imkanlarının mövcud olduğunu nəzərə alsaq, sağlamlıq turizmi üçün gələnlər ümumi respondentlərin 6 faizini təşkil edir.
   
   Azərbaycan haqqında ən çox internetdən məlumat alınır
   
   Tədqiqat nəticəsində məlum olub ki, Azərbaycana səfər edən xarici vətəndaşların böyük hissəsi (46%) ölkəmiz haqqında məlumatı internetdən əldə edir. 40 faiz respondent Azərbaycan haqqında məlumatları dost-tanışdan aldığını qeyd edib. Sorğu nəticəsində o da məlum olub ki, İçərişəhər Bakıda turistlər tərəfindən ən çox ziyarət edilən yerdir (66%). Araşdırma nəticələrindən də görünür ki, ənənəvi Azərbaycan mətbəxi xarici turistlər üçün əvvəlki tək öz cəlbediciliyini saxlayır. Restoranlar Azərbaycan mətbəxini xarici turistlərə yaxşı tərəfdən tanıdıb və sevdirə bilib (53.2%).
   
   Turizm xidmətləri məmnunluq doğurur, qiymətlər isə...
   
   Turizm sosial-mədəni xidmət sahəsinə aid olduğundan bu sahədə insanın mənəvi, intellektual tələbatları təmin olunmalıdır. Araşdırmanın nəticələri göstərir ki, bu amilə ölkəmizdə əksər hallarda əməl olunur. Belə ki turistlərin əksəriyyəti (84%) onların qarşılanmasından tutmuş, öz ölkələrinə yola salınmasına qədər xidmətlərdən və turizm yerlərində onlara göstərilən xidmətlərdən məmnundurlar. Xidmətlərdən məmnun qalmayanlar əsasən qeyri-peşəkarlıqdan şikayətləniblər. Turizm yerlərindəki xidmətlərin keyfiyyətindən məmnun qalmayan turistlərin əksər hissəsi hesab edir ki, xidmət yerlərindəki personal peşəkar deyil (57%). Onlar əsasən turizm obyektlərindəki səliqəsizlikdən (15%), kommunal xidmətlərdəki problemlərdən (13%), keyfiyyətsiz yeməklərdən (11%) şikayətlənirlər.
   Rəyi soruşulanlar qiymətlərdən o qədər də məmnun qalmadıqlarını bildiriblər (56%). Bu üzdən əcnəbilər Azərbaycanı turizm üçün bahalı ölkə sayırlar. Respondentlərin çoxu (90%) qiymətlərin 50 faizədək ucuzlaşdırılmasını tövsiyə edir.
   
   Hər xarici turist Azərbaycanda orta hesabla 893 manat xərcləyir
   
   Respondentlərin “Azərbaycanda olduğunuz müddət ərzində orta hesabla nə qədər vəsait xərclədiniz” sualına verdikləri cavablar da maraq doğurur. Məlum olur ki, xarici turistlər Azərbaycanda olduqları vaxt ərzində adambaşına orta hesabla 893 manat pul xərcləyirlər. Bir gün ərzində onların xərclədiyi vəsait 96 manatdır. Sorğuda iştirak edən turistlərin əksəriyyəti Azərbaycana yenidən səfər edəcəyini də deyib (57%).
   Respondentlər əminliklə vurğulayırlar ki, verilən tövsiyələr nəzərə alınarsa, ölkədə turizm sektorunda müşahidə edilə biləcək müsbət meyllər bu sektorun potensial imkanlarını artıracaq, həmçinin turizmi iqtisadiyyatın öncül sahələrindən birinə çevirəcək.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar