Tanınmış bərpaçı-memar, Beynəlxalq Memarlıq Akademiyasının professoru, Prezident təqaüdçüsü Tofiq Şəkixanovun “Qədim – müasir Vətən” adlı kitabı işıq üzü görüb.

Kitabda memarın həyatından, mütəxəssis və ziyalı kimi formalaşmasından, memar və bərpa işinin bilicisi kimi geniş fəaliyyətindən bəhs olunur. Həmçinin Tofiq Şəkixanovun müxtəlif vaxtlarda qələmə aldığı aktual mövzulu məqalələr də yer alıb. Kitab memarlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Elmi redaktoru Əməkdar memar, professor Elbay Qasımzadə, rəyçiləri memarlıq üzrə elmlər doktoru, professor, AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Rayihə Əmənzadə və memarlıq üzrə elmlər doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Səbinə Hacıyeva, mətn redaktoru Şövkət Səlimov olan kitab “Bir daha tarixi–memarlıq abidələrimizdən” və “Ana vətənim Qəbələ” adlı iki hissədən ibarətdir.

Nəşrin birinci hissəsindəki girişdən sonra müəllifin bərpa memarlığının problemləri və bunlardan çıxış yollarına həsr olunmuş “Tarixi-memarlıq abidələri, onların mənşəyi, yaranma səbəbləri, sinifləri”, “Daşınmaz və daşınan abidələr”, “Abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsü”, “Abidələrin aşkarlanması, öyrənilməsi, mühafizəsi və bərpası barədə” yazıları verilib.

T.Şəkixanovun “Memar” elmi, analitik-informasiya jurnalının ayrı-ayrı nömrələrində dərc edilmiş silsilə məqalələri  bərpa memarlığı ilə məşğul olan mütəxəssislər, memar tələbələr və bu sahəyə maraq göstərən oxucular üçün maraqlı olacaq.

Nəşrin ikinci hissəsində müəllif boya-başa çatdığı qədim Qəbələ rayonunun tarixi, təbiəti, memarlıq abidələri və s. haqqında söz açır.