Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un və Azərbaycanın Xorvatiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Zaqrebdə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş kitab-albomun təqdimatı keçirilib. “Nizamini oxuyaq” kitab-albomu ötən il TÜRKSOY-un layihəsi əsasında ərsəyə gəlib.

Xorvatiya Mədəniyyət Cəmiyyətində təşkil olunan tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycanın ədəbi günəşi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ingilis dilində hazırladıqları bədii albomun Bakıda, Bişkekdə, Nur-Sultanda, Vyanada və bir neçə gün əvvəl Belqradda təqdimatını keçirdiklərini diqqətə çatdırıb. Baş katib nəşr haqqında məlumat verib. Vurğulayıb ki, TÜRKSOY Azərbaycanın görkəmli şəxsiyyətlərinin təbliğində yaxından iştirak edir.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Nizami Gəncəvinin ümumilikdə dünya ədəbiyyatının dahi simalarından biri olduğunu deyib. Qeyd edib ki, Azərbaycan  şairinin yaşadığı dövrdən əsrlər sonra Türk dünyasının, eləcə də Yaxın Şərq coğrafiyasının mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq gözəl yaradıcılıq nümunələri ortaya qoyublar.

Tədbirdə çıxış edən Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü İvo Yosipoviç mütəfəkkir şairin humanizm ideyaları, ədalətli cəmiyyət barədə fikirlərinin Avropa filosofları tərəfindən də təbliğ olunduğunu vurğulayıb. Qeyd olunub ki, Nizami Gəncəvinin əsərlərinin əlyazmaları bu gün dünyanın aparıcı kitabxanalarında və muzeylərində saxlanılır.

Tədbir iştirakçıları Nizami Gəncəviyə həsr edilən sərgi ilə tanış olublar.

Təqdimatda azərbaycanlı sənətçilər – Əməkdar artistlər İlham Nəzərov (kontratenor), Sahib Paşazadə (tar), eləcə də Qazaxıstandan Əminə Maşkeyeva (piano), Yerassıl Xamitin (skripka) ifasında Nizaminin şeirlərinə bəstələnmiş musiqilərdən ibarət konsert proqramı da böyük maraqla qarşılanıb.

Mehparə Sultanova
Ankara