Azərbaycan xalqı 1990-cı ildə yaşadığı 20 Yanvar faciəsinə, azadlığı və suverenliyi uğrunda verdiyi itkilərə baxmayaraq öz qürurunu və ləyaqətini qorudu, müqəddəratına sahib çıxaraq müstəqil dövlət qurdu. 20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir və xalqımız şəhidlərini qürurla anır.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova bu sözləri 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Varşavada keçirilən mərasimdə deyib. Səfir 1990-cı ilin yanvarında sovet rejimi tərəfindən Azərbaycanda azadlıq, müstəqillik və ərazi bütövlüyü çağırışlarını susdurmaq üçün günahsız insanlara qarşı hərbi  təcavüz edildiyini bildirib.

Səfirlik tərəfindən təşkil edilən klassik musiqi axşamında Polşanın dövlət qurumları və digər təşkilatların nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatlar, Polşada yaşayan həmvətənlərimiz, türk icmasının üzvləri iştirak ediblər.

Polşalı jurnalist və rejissor Yeji Lyubax çıxışında Azərbaycanın müstəqilliyə aparan enişli-yoxuşlu yolundan bəhs edərək Azərbaycan xalqının böyük fədakarlıq nümayiş etdirdiyini və bunu qəbul edə bilməyən sovet rejimi tərəfindən 20 Yanvar faciəsinin törədildiyini vurğulayıb.

Mərasimdə 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

Sonra Frederik Şopen Beynəlxalq Piano Festivalının laureatları Mateuş Kşıjovski və Aqneşka Korpıta tərəfindən fortepianoda Azərbaycan bəstəkarları və F.Şopenin əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Konsertin TVP ictimai telekanalı tərəfindən çəkilişi həyata keçirilib.

Qonaqlar 20 Yanvarı əks etdirən fotolardan ibarət sərgi ilə tanış olub və ehsan süfrəsinə dəvət ediliblər.

***

Türkiyənin müxtəlif şəhərlərində Azərbaycan xalqının milli suverenlik uğrunda mübarizəsinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvarın 32-ci ildönümünə həsr olunmuş mərasimlər keçirilib.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Qars Qafqaz Universitetində təşkil olunan tədbirdə baş konsul Nuru Quliyev, Qafqaz Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi Könül Quliyeva, hakim Ədalət və İnkişaf Partiyasının Qars vilayət təşkilatının sədri Adem Çalkın çıxış ediblər.

Samsun 19 May Universitetində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Türkiyədəki səfirliyimizin dəstəyi ilə Samsun Azərbaycan Tələbələr Təşkilatı tərəfindən keçirilən mərasimdə universitetin müəllim və tələbələri iştirak ediblər.

***

Azərbaycanın İrandakı Səfirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirib. İran ictimaiyyətinin və kütləvi informasiya vasitələri nümayəndələrinin də qatıldığı tədbirdə səfirlikdə təşkil olunmuş “Şəhidlikdən müstəqilliyə” adlı fotosərgiyə baxış keçirilib, 20 Yanvar şəhidlərinin xatirəsinə hazırlanmış lövhənin önünə çiçəklər qoyulub.

Səfir Əli Əlizadə çıxışında tarixə qanlı, eyni zamanda şanlı hərflərlə yazılmış 20 Yanvarın Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, həmin gün Azərbaycan şəhidləri, mərd oğulları və qızları hesabına öz müstəqillik adını yenidən tarixə yazdığı gün kimi qəbul olunur.

Mərasimdə İranın tanınmış mədəniyyət işçisi, “Xoca” və “Qanlı Yanvar” filmlərinin prodüseri Əyyub Daneşvər Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin ədalətsiz mövqeyindən danışıb.

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda 20 Yanvara həsr olunmuş fotosərgi açılıb. Tədbirdə İranın Şərqi Azərbaycan valiliyinin, Xarici İşlər Nazirliyinin rəsmiləri, Türkiyənin Təbrizdəki baş konsulu da iştirak ediblər. Ölkəmizin baş konsulu Əliyənnağı Hüseynov 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışıb.

***

Azərbaycanın Ukraynadakı Səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Səfirliyin əməkdaşı Təranə Sadıqova faciənin xronologiyası barədə məlumat verdikdən sonra Qanlı Yanvara həsr olunan sənədli film nümayiş etdirilib.

Səfir Elmira Axundova çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan xalqının milli iradəsinin əyilməzliyinin rəmzidir. 20 Yanvar faciəsini törətməklə Sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini və qürurunu sındırmaq istəyirdi, lakin buna nail ola bilmədi.

Sonra Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin, Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru Fərhad Turanlı çıxış ediblər.

Ukraynanın Xarkov şəhərində 20 Yanvarın 32-ci ildönümünə həsr olunmuş fotosərgi açılıb. Azərbaycanın Xarkovdakı Fəxri konsulluğu tərəfindən təşkil olunan sərginin açılışına şəhər rəsmiləri, ali təhsil ocaqlarının, Azərbaycan diasporunun nümayəndələri qatılıblar.

***

Yunanıstanın paytaxtı Afinada fəaliyyət göstərən Qərbi Attika Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə 20 Yanvarın 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetin professoru Panayotis Yannakopulos çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində mühüm tarix olduğunu vurğulayıb.

Ölkəmizin Yunanıstandakı səfiri Anar Hüseynov çıxışında 20 Yanvarın Azərbaycan xalqının müstəqilliyin bərpası yolunda dönüş nöqtəsi olduğunu bildirib. Səfir müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, Ermənistanın ölkəmizə hərbi təcavüzü, 30 illik işğal və 44 günlük Vətən müharibəsi barədə də iştirakçıları məlumatlandırıb.