Son vaxtlar Azərbaycanda turizm şirkətləri ilə hotellər və istirahət mərkəzləri arasında qarşılıqlı əməkdaşlıq diqqət çəkir. Artıq turizmin inkişaf etdiyi ölkələrdə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə münasibətlər normallaşmağa başlayıb. Bugünkü statistikaya görə, ölkəmizdə 210 turizm şirkəti Mədəniyyət və Turizm Nazirliyinin rəsmi lisenziyası ilə fəaliyyət göstərir. Bunlardan biri də «a La CarteTravel»dir. Şirkətin rəhbəri Nəsib Usubovla söhbətimizdə bir sıra məqamlara toxunduq.
   
   - Şirkətinizin maraqlı adı var. «a La Carte» sözünün mənası nədir?
   - «a La CarteTravel» adı ilə bir ildir ki, fəaliyyət göstəririk. Bundan əvvəl «Adven tur» turizm şirkətinə rəhbərlik etmişəm. «a La Carte» sözü fərdi turistlərlə məşğul olmaq anlamını verir. Xarici ölkələrin əksər istirahət məkanlarında “a La Carte” adlı restoranlar var. İstirahət yerlərində ümumi mətbəx menyüləri hər nə qədər rəngarəng olsa da, insanlar bəzən bundan yorulur və nə isə bir fərqlilik, individual mətbəx istəyir. Bu, Meksika mətbəxi də ola bilər, italyan mətbəxi də, başqası da. Hələlik xarici məkanlarda Azərbaycan mətbəxi yoxdur, amma inşallah olar.
   Biz də individual turizmlə, a La Carte sistemi ilə məşğul oluruq. Əsas fəaliyyətimiz xarici ölkələrdən Azərbaycana turist cəlb etmək istiqamətində qurulub. İşimizin əsas məğzi Azərbaycanı dünya turizm bazarında tanıtmaq, təmsil etmək, əlaqələr yaratmaqdır. Hazırda bir çox ölkələrlə əlaqələrimiz, turizm sahəsi üzrə inkişaf etmiş əksər ölkələrin qabaqcıl şirkətləri ilə müqavilələrimiz var. Amma onlar bizə lazımi sayda turist göndərə bilmirlər. Əsasən biznes məqsədilə gələnlər çox olur. Turist kimi isə gələnlər azdır. Bizim məqsədimiz də onları cəlb etməkdir. Bunun üçün Azərbaycanın xaricdə tanıdılması istiqamətində çox işlər görmək lazımdır. Biz də bu işə töhfə verməyə çalışırıq.
   Bir məqamı da qeyd edim ki, xaricdə Azərbaycanın tanıdılmasında bizə diaspor təşkilatlarımız yaxından köməklik edir. Bu məsələdə diasporun gücündən istifadə etmək lazımdır. Məncə, onları lazımi reklam-çap məhsulları ilə təmin etmək kifayətdir. Hətta yaxşı olardı ki, diaspor təşkilatlarımızın nəzdində ayrıca turizm fəaliyyəti ilə məşğul olan şöbələr yaransın və həmin şöbələr Azərbaycanın turizm potensialının tanıdılması istiqamətində fəaliyyət göstərsin.
   - Ölkə daxilində fəaliyyətiniz nədən ibarətdir?
   - Azərbaycanın yerli turizm məkanlarını öz vətəndaşlarımıza tanıtmaq istiqamətində işlər görürük. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, turizm sahəsində yüksək nəticə əldə etmək üçün hər şeydən əvvəl vətənpərvər olmalıyıq. Çünki qarşımıza qoyduğumuz məqsədlərə yalnız bu yolla nail olmaq mümkündür. Bir sıra hallarda Azərbaycanın istirahət məkanlarından turistlər narazı qayıdır. Bu ya xidmətlə, ya qiymətlərlə, yaxud da başqa səbəblərlə bağlı olur. Fikrimcə, belə səbəbləri aradan qaldırmaq üçün çalışmalıyıq. Məsələn, ötən il Nabranın turizm mərkəzlərindən birində insanlar dənizdə natəmizlik səbəbindən istirahətlərini yarımçıq qoyaraq evlərinə dönmüşdülər. Amma bu il mövsümdən əvvəl ora səfər etdim və gördüm ki, hər şey qaydasındadır. Rayon tamamilə mövsümə hazırdır. Vətəndaşlarımız özləri də səliqə-sahmana diqqətli olmalıdırlar.
   - Turizm şirkətləri hotellər və istirahət mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq şəraitində işləyirlər. Bu baxımdan sizin əlaqələriniz necə qurulub?
   - Sevindirici hal kimi qeyd edə bilərəm ki, artıq turizm şirkətləri ilə hotellər arasında əməkdaşlıq yaranıb. Bunu Azərbaycanın turizm sektorunda yaxşıya doğru yenilik kimi qiymətləndirmək olar. Artıq hotellər turizm şirkətlərinə müəyyən endirimlər etməyə başlayıblar. Bu, neçə vaxt idi ki, müzakirə mövzusu idi. Əvvəllər hotellərdə qiymətlər yüksək, xidmətin səviyyəsi isə yetərli deyildi. İndi bu istiqamətdə də irəliləyiş var. Hotellərdə qiymətlər düşür, servis isə yaxşılaşır. Biz bir məsələni də anlamalıyıq ki, ölkəyə turist axını qiymətləri endirə, xidmətin keyfiyyətini yüksəldə bilər. Hotellər də öz tərəflərindən lazımi addımı atıblar. Qalıb turizm şirkətlərinin üzərinə düşən vəzifə, o da hotellərimizə turist göndərməkdir. Son vaxtlar medianın da iştirakı ilə hotel rəhbərləri ilə müxtəlif görüşlərimiz, müzakirələrimiz olur. Bu dialoqlarımız bəzən polemika yaradır və qəzet səhifələrinə, televiziya ekranlarına çıxır. Bunun özünün də əhəmiyyəti böyükdür, çünki müzakirə olunan məsələyə ictimai diqqəti artırır.
   - «a La CarteTravel»in təşkilatçılığı ilə bələdçilər üçün təcrübə kursları həyata keçirilir. Bu kursları hansı məqsədlə təşkil edirsiniz?
   - Əslində belə bir fikrimiz çoxdan var idi. Qeyd etdiyim kimi, bizim əsas işimiz xarici turistləri ölkəyə cəlb etmək və onlara xidmət göstərməkdir. Hər bir turist ilk növbədə gəldiyi ölkə haqqında geniş məlumat əldə etmək istəyir. Bu məlumatları isə onlara ölkəsinin tarixini, mədəniyyətini, irsini, eyni zamanda xarici dili yüksək səviyyədə bilən bələdçilər çatdırmalıdırlar. Turizm şirkətləri bu baxımdan bir çox problemlərlə qarşılaşır. Çünki hazırda Azərbaycanda peşəkar, bacarıqlı bələdçilər azdır. Dil bilən insanlar çoxdur. Amma tarixi və dili bilmək, bunu ortaya çıxarmaq, ölkəni tanıtmaq hər kəsin işi deyil. Ona görə də bələdçilər üçün təcrübə kursları təşkil etmək qərarına gəldik. «Eurovision» musiqi yarışmasının 2012-ci ildə Azərbaycanda keçirilməsi bu məsələni daha da aktuallaşdırıb. İndi 20-30 turist gələndə bələdçilərin yoxluğu hiss edilirsə, görün, minlərlə turist gələndə hansı vəziyyət yarana bilər. Bu baxımdan qərara gəldik ki, hazırda işlədiyimiz bələdçiləri müsabiqədən keçirək. Bələdçi ilk növbədə öz işini sevməlidir. Əgər bu sənətin sahibi hansısa bir yerdə işləmək üçün müraciət edəndə birinci maaşını soruşursa, deməli, ondan bələdçi olmaz. Düzdür, maliyyə tərəfi də mühüm məsələdir. Amma bələdçi ilk növbədə öz sənətini sevməlidir. Buna görə də bu işlə məşğul olmaq arzusunda olanların təcrübəli, sovet dövründən bu sənətlə məşğul olan peşəkar yanında təcrübə keçməsini təmin edirik. Təcrübə keçəndən sonra oxumaq asandır. İnsan bu işin çətinliklərini, incəliklərini görəndən sonra bəlkə düşünəcək ki, bu onun yolu deyil.
   - Təcrübə müddəti nə qədərdir?
   - Bu, insandan asılıdır. Arzu edənlər əvvəlcədən bizim tərəfimizdən tərtib edilmiş proqram əsasında təcrübə müddətində olurlar. Müraciət edənlərin qabiliyyətindən asılı olaraq, kursun müddəti 1-3 aydır.
   - Yəqin məlumatınız var ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm İnstitutunun Milli Təlim Mərkəzi də bələdçi kursları təşkil edib. Kursun sonunda dinləyicilər turizm mütəxəssislərindən ibarət attestasiya komissiyası tərəfindən imtahan edilir. İmtahandan uğurla keçənlərə bələdçi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq sertifikat verilir. Sizin kursların iştirakçıları bu komissiyadan keçəcəklərmi?
   - Biz bu qaydanı dəstəkləyirik. Hər bir bələdçinin onun bu fəaliyyət növü ilə məşğul olmasını təsdiqləyən rəsmi sənədi olmalıdır. Təbii ki, bizim kursların iştirakçıları da attestasiya komissiyasından keçəcəklər. Kurslarımız ödənişsizdir. Xarici turistlər ölkəyə gəldikləri zaman onların ilk dəfə ünsiyyətdə olduğu insan bələdçi olur. Bəzən olur ki, turist ölkədə bir neçə gün qaldıqdan sonra onunla dostlaşır və sonradan bu münasibətlər illərlə davam edir. Bir çox hallarda turist bələdçiyə görə illərlə öz istirahətini o ölkədə keçirir. Bu baxımdan hesab etmək olar ki, bələdçi işinin normal təşkil olunması turizm sektorunun ən vacib amillərindən biridir.
   Azərbaycanda turizm doğrudan da ildən-ilə inkişaf edir. Ötən il mövcud olan nöqsanlar bu il aradan qaldırılır. Biz də bu istiqamətdə imkanımız çatan qədər öz töhfəmizi verməliyik.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar