20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpus təmsilçiləri də Şəhidlər xiyabanını ziyarət edib. Ayrı-ayrı səfirliklər bununla bağlı sosial media səhifələrində paylaşımlar da ediblər. Onlardan bir qismini diqqətə çatdırırıq.

Türkiyənin Azərbaycandakı Səfirliyinin əməkdaşları 20 Yanvarın 32-ci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib. “Twitter”də paylaşılan məlumatda bildirilir ki, səfir Cahit Bağcı və səfirliyin əməkdaşları qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Şəhidlər xiyabanını ziyarət edib. Onun “Twitter”dəki paylaşımında deyilir: “Hər il yanvarın 20-də azərbaycanlılar Şəhidlər xiyabanını ziyarət edərək, Sovet qoşunları tərəfindən etirazların qanlı yatırılması zamanı həlak olmuş müstəqillik hərəkatının qəhrəmanlarının xatirəsini yad edirlər. Ukrayna Azərbaycan xalqının acısına şərikdir. Unutmadıq”.

Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri isə yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər. Diplomatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsini anıb, məzarları üzərinə tər güllər düzüblər.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze 1990-cı il yanvarın 20-də keçmiş SSRİ-nin hərbi birləşmələri tərəfindən Bakıda törədilən qanlı faciə qurbanlarının xatirəsi yad edib. “20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub”, – deyə səfirliyin məlumatında qeyd olunur.

ABŞ-ın Azərbaycandakı Səfirliyi 20 Yanvarla bağlı “Twitter”də paylaşım edib: “Biz bu gün azərbaycanlılarla birgə kədərini paylaşır və həlak olanları yad edirik. Biz xarici qüvvələrin ölkəyə yeridilməsi, iğtişaşları yatırtmaq adı ilə mülki əhaliyə qarşı silaha əl atması və əhalinin məruz qaldığı dəhşətli itkiləri xatırlayırıq”.