Türkiyə Böyük Millət Məclisində (TBMM) 20 Yanvar şəhidləri yad edilib. Millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım yanvarın 20-də TBMM-də bununla bağlı növbədənkənar çıxış edib.

Millət vəkili qeyd edib ki, 1990-cı ilin 20 yanvarı Türk dünyasının heç vaxt unutmayacağı ən ağrılı günlərdən biridir: “Yaşanan bu ağrı təkcə Azərbaycanın dərdi deyil, bu ağrını təkcə azərbaycanlılar hiss etmir, biz də bunu dərindən hiss edirik. 20 Yanvar Azərbaycanın müstəqillik yolunda dönüş nöqtələrindən biridir. Qara Yanvar hadisəsi azərbaycanlı qardaşlarımız üçün günəş doğmadan əvvəl ən qaranlıq məqam oldu. Bu haqsız işğal Azərbaycan xalqının müstəqillik ruhunu heç vaxt məhv etməyib. Əslində, bununla Azərbaycan xalqı müstəqillik yolunda bir addım da geri çəkilməyəcəyini bütün dünyaya nümayiş etdirdi”.

Şamil Ayrım vurğulayıb ki, Qərb dünyası o zaman, indi olduğu kimi, insanlığın ayıbına biganə qaldı və hətta Mixail Qorbaçova Nobel sülh mükafatını verməklə, əslində, bu qırğını mükafatlandırdı: “20 Yanvardan sonra ürəklərdə alovlanan müstəqillik odu heç bir vaxt sönmədi. Azərbaycan dövləti öz müstəqilliyini bərpa edərək günü-gündən irəlilədi və artıq hamımızın qürurla müzakirə etdiyi Azərbaycana çevrildi...”.