Artıq iki ildir dünyanın bəlasına çevrilən COVİD-19 pandemiyası, bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsinə, o cümlədən muzey və sərgi zallarının fəaliyyətinə də təsirsiz ötüşməyib. 2020-ci ilin martında pandemiya ilə bağlı karantin rejimi tətbiq ediləndən sonra muzeylər və sərgi zalları il ərzində ümumilikdə təxminən beş aya yaxın (2020-ci ilin 18 mayından 20 iyununadək, 31 avqustdan 14 dekabradək) ziyarət üçün açıq olmuşdu.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 16 yanvar 2021-ci il tarixli qərarına əsasən, ölkəmizdə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər aradan qaldırılmış, muzey və sərgi zallarının da fəaliyyəti bərpa olunmuşdu. Beləliklə, 2021-ci il yanvarın 25-dən muzey və sərgi zalları Operativ Qərargahın göstərişlərinə riayət edilməklə (ziyarətçi qrupunun 10 nəfərdən artıq olmaması, sosial məsafənin saxlanılması, qoruyucu vasitələrdən istifadə və s.) ziyarətçiləri qəbul etməyə başladılar.

Elə isə 2021-ci ildə muzeylərin nə qədər ziyarətçisi olub?

Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsindən bildirdilər ki, ötən il ən çox ziyarətçi Azərbaycan Milli Xalça Muzeyində qeydə alınıb. İl ərzində Xalça Muzeyini 14 398 nəfər ziyarət edib. Ziyarətçi qəbuluna görə ikinci yüksək göstərici Azərbaycan Milli İncəsənət Muzeyində qeydə alınıb: 13 938 nəfər.

Ötən il Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 4959, Azərbaycan İstiqlal Muzeyinin 1366 ziyarətçisi olub. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini isə 385 nəfər ziyarət edib.

Paytaxtımızda fəaliyyət göstərən ev-muzeylərinə gəlincə, 2021-ci ildə ayrı-ayrı məkanlarla bağlı şöbədən təqdim olunan rəqəmlər belədir: Üzeyir Hacıbəylinin Ev-Muzeyi – 515 nəfər ziyarətçi, Səməd Vurğunun Ev-Muzeyi – 913, Cəlil Məmmədquluzadənin Ev-Muzeyi – 5413, Abdulla Şaiqin Mənzil-Muzeyi – 2181, Əzim Əzimzadənin Mənzil-Muzeyi – 3207, Nəriman Nərimanovun Xatirə Muzeyi – 4678, Səttar Bəhlulzadənin Ev-Muzeyi – 2970 nəfər. Məlumata əsasən, ötən il Bakıdakı ev və xatirə muzeyləri arasında ən çox ziyarətçi qəbulu Bülbülün Memorial Muzeyinin payına düşüb. İl ərzində muzeyin 8000 nəfər ziyarətçisi olub.

Nurəddin