İllər keçdikcə tariximizdəki yerini daha aydın dərk edirik


1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Bu hadisəyə ilk siyasi qiyməti vermiş ulu öndər Heydər Əliyev sonralar böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.

Ulu öndərin dediyi kimi, illər ötdükcə 20 Yanvarın tariximizdə tutduğu yeri daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi sovet hərb maşınına qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir.

Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü – yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. Bu tarixi çıxış Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş siyasi əks-səda doğurdu.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Ümummilli liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinə hüquqi müstəvidə qiymət verildi.

Prezident Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.

Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 20 Yanvar əlilləri və şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı Qələbə, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi tariximizin ən şanlı səhifəsi olmaqla bərabər, eyni zamanda Azərbaycanın suverenliyi uğrunda özlərini fəda edən şəhidlərin ruhuna əbədi ithafdır...

***

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

***

Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.