Ötən əsrin 80-ci illərinin sonunda əzəli yurd yerimiz Qarabağa uzanan xain əllərin kəsilməsi üçün meydanlara çıxan Azərbaycan xalqı 1990-cı ilin 20 yanvar gecəsi ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda ölümün üstünə yeridi.

Mayası qanla yoğurulan Qırmızı imperiya əliyalın vətəndaşının üzərinə tank sürdü, xalqımızın azadlıq əzmini, inamını qırmağa çalışdı. Qəhrəman Vətən övladları canlarını fəda etdilər. Ancaq mənfur niyyətlilər istəklərinə nail ola bilmədi, milli iradə, xalqın sarsılmaz birliyi qalib gəldi...

Artıq ikinci ildir ki, xalqımızın polad iradəsinin, azadlıq əzminin simvolu olan 20 Yanvar hadisələrinin ildönümünü böyük qürur hissi ilə qeyd edirik. 2020-ci ilin 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanmağımız, ərazi bütövlüyümüzün bərpa olunması 30 il öncə Qarabağ uğrunda canını və qanını əsirgəməyən şəhidlərimizin nigaran ruhuna rahatlıq bəxş elədi.

Xalqımızın milli qürur ünvanlarından olan 20 Yanvar şəhidlərinin əziz xatirəsi hər zaman uca tutulur. Bu gün Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahıdır.

Yanvarın 20-də mədəniyyət naziri Anar Kərimov, nazirliyin kollektivi, paytaxtın mədəniyyət ocaqlarının əməkdaşları da Şəhidlər xiyabanına gələrək qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər. Şəhidlərin xatirəsi yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb.