Regionlarda yerləşən hotellər üçün milli ulduz təsnifatının aparılması ilə əlaqədar təlimlər başlayıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, təlimlərdə Azərbaycan Turizm Bürosunun və Azərbaycan Hotel Assosiasiyasının əməkdaşları tərəfindən regionlarda yerləşən hotellərin nümayəndələrinə təsnifat prosesi və meyarlar haqqında ətraflı məlumat verilir, müzakirələr aparılır.

Cənub və şimal bölgələrində yerləşən mehmanxanalar üçün təlimlər Lənkəran və Quba şəhərlərində keçirilir. Fevral ayında təlimlərin ölkənin digər regionlarında davam etdirilməsi nəzərdə tutulur.

Ötən ilin dekabrında Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənən “Turizm haqqında” yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir.