Şuşaya və Ağdama səfərlər

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərlərindən vətəndaşların ildə bir dəfə istifadə edə biləcəyi məsələsinə aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, ilk mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətəndaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır. Məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq.

Bakıdan Şuşaya avtobus bileti 10 manat 40 qəpik olacaq. Bunu isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib. O bildirib ki, növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Qeyd edək ki, yanvarın 24-dən etibarən Bakıdan Şuşaya ilk müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Həmçinin Ağdama avtobusların hərəkəti üçün şərait yaradılacaq. Bu istiqamətlərdə Bakı–Şuşa, Bakı–Ağdam, Əhmədbəyli (Füzuli rayonu) – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa və Bərdə–Ağdam marşrutları istifadəyə veriləcək. Reyslər Əhmədbəyli–Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə 2 dəfə olmaqla təşkil ediləcək.