Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Nizami Gəncəvi adına Kitabxana-klubun əməkdaşları Corat qəsəbəsində şəhid Müşfiq Bəktiyevin ailəsini ziyarət ediblər.

Müşfiq Abbas oğlu Bəktiyev 2002-ci il yanvarın 24-də anadan olub. Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbdə, 10 saylı peşə liseyində oxuyub.

2020-ci ilin yanvarında hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladıqda o da yoldaşları ilə birlikdə döyüşlərə qatılıb. Müşfiq Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 20-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.