Yanvarın 21-də Azərbaycanın Türkiyədəki Səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olundu.

Tədbirdə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, TADƏHF-nin rəhbəri, professor Aygün Attar, Azərbaycanın Ankaradakı Səfirliyinin müşaviri Elçi Allahverdiyev, TRT İdarə Heyətinin üzvü Oğuzxan Bilgin, Azərbaycan Mədəniyyət Nazirliyinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Balkan Köçmənləri İqtisadi Araşdırma və Sosial Yardım Fondunun (BİSAV) sədri Yüksəl Özkale və Türk Dünyası Parlamenterlər Fondunun sədri Abdullah Çalışqan, Ankarada təhsil alan tələblər, ictimaiyyət və media təmsilçiləri iştirak edirdi.

Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Türkiyə Prezidenti yanında Xarici Siyasət və Təhlükəsizlik Şurasının üzvü, TADİV rəhbəri, professor Aygün Attar çıxış edərək 20 Yanvarın Azərbaycan tarixində yerindən söz açdı. Bildirdi ki, 20 yanvar 1990-cı il tarixində sovet tanklarının qarşısına yalın əllə çıxaraq, Azərbaycan üçün azadlıq deyən şəhidlər Azərbaycanın müstəqilliyinə gedən yolu açıblar.

Səfirliyin müşaviri Elçin Allahverdiyev 20 Yanvarın həm hüzn, həm də qəhrəmanlıq günü olduğunu, bu günün Azərbaycanın milli oyanışı kimi tarixə keçdiyini bildirdi. Faciənin günahkarlarının beynəlxalq müstəvidə cəzalandırılmamasının böyük bir ədalətsizlik olduğunu vurğulayan E.Allahverdiyev qanlı hadisələrin əsas baiskarı – sovet lideri Mixail Qorbaçovun 20 Yanvar faciəsindən sonra Nobel Sülh mükafatına layiq görülməsini tarixin utancverici olayı kimi qeyd etdi.

Tanınmış politoloq, dosent Oğuzhan Bilgin çıxış edərək, 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyinin carçıları olduğunu qeyd etdi, faciənin tam mahiyyətinin dünyaya çatdırılması üçün daha çox fəaliyyət göstərməyin vacibliyini vurğuladı.

Türkiyədə yaşayan azərbaycanlı professor Əmrullah Məmmədov çıxış edərək, bu faciənin canlı şahidi olduğunu qeyd etdi, onun mahiyyəti barədə danışdı.

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç 20 Yanvarın Türk dünyası və bütün dünya üçün qara gün olduğunu qeyd etdi, bu faciənin türklərə qarşı vəhşi bir qırğın olduğunu vurğuladı. Diplomat Qərb dünyasının bu vəhşətə reaksiya verməməsini türklərə qarşı ikili standartın göstəricisi olaraq dəyərləndirdi.

Anım mərasimində çıxış edən Elçin Qafarlı faciə ilə bağlı xatirələrini bölüşdü.

Digər çıxış edənlər də şəhidlərimizə Allahdan rəhmət diləyərək, gələcəkdə daha güclü olmaq üçün hər zaman birlikdə və həmrəy olmağımızın zəruriliyindən söz açdılar. Bu kimi önəmli tarixlərin gənc nəslə daha ətraflı öyrədilməsinin əhəmiyyəti qeyd edildi.

Tədbir çərçivəsində iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış oldular və qısa filmə baxdılar.

Mehparə Sultanova
Ankara