C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1969-cu ildə istehsal etdiyi “Bir cənub şəhərində” bədii filmi rəqəmsal formatda bərpa olunub. Filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilib.

Yanvarın 27-də (saat 19.00) “Nizami” Kino Mərkəzində “Bir cənub şəhərində”nin yenilənmiş versiyasına baxış təşkil ediləcək.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Eldar Quliyevin quruluş verdiyi filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqaları çəkiliblər.

Xatırladaq ki, “Balans” studiyası bundan öncə Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi" filmlərini rəqəmsal formatda bərpa edib.