Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri arasında fərdi ifaçılıq keyfiyyətləri ilə seçilən Aşıq Şakirin (1922-1978) 100 illik yubileyi tamam olur.

Görkəmli aşığın 100 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanası “Aşıq Şakir – 100” adlı virtual sərgi təqdim edib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə ustad aşığın poeziyası, fotolar, həyat və yaradıcılığı haqqında yazılan kitablar, məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Asiq_Sakir_100/index.htm

Şirvan aşıq mühitinin yeni ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında məxsusi xidmətləri olan Aşıq Şakir saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edib. Məlahətli səsi, şaqraq zəngulələri ilə xalq arasında böyük sevgi qazanan sənətkar aşıq şeirinin müxtəlif şəkillərində gözəl nümunələr də yaradıb. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi, nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bala Nərgiz” havalarını sazsevərlər ömür boyu unutmayacaqlar.