Yanvarın 24-də Xarici İşlər Nazirliyi (XİN), Müdafiə Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda üçgünlük təlimlər başlayıb.

Treninqin BMTM-də keçirilən açılış mərasimində Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və başqaları iştirak ediblər.

Fərid Şəfiyev bildirib ki, təlimlərin təşkilində əsas məqsəd beynəlxalq qurumlarla işləyən və media sahəsində çalışan jurnalistlərin peşəkarlığının artırılmasıdır. O, media sahəsində beynəlxalq əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb: “Məqsəd odur ki, Azərbaycanın səsi beynəlxalq aləmdə daha yaxşı eşidilsin. Bu mənada araşdırma xarakterli yazıların sayı artırılmalıdır”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. Postmüharibə və postmünaqişə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur.

İcraçı direktor Medianın İnkişafı Agentliyinin bu platformanı öz üzərinə götürəcəyini,  təlimlərə xarici mütəxəssislərin də cəlb olunacağını deyib. Vurğulayıb ki, qarşıya qoyulan məqsədlərdən biri də rəqəmsal medianın inkişaf etdirilməsidir. Media sahəsində rəqəmsallıq, sosial şəbəkələrlə iş və peşəkarlıq vəhdət təşkil etməlidir.

Treninqin ilk günündə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Azərbaycanın müharibədən sonrakı dövrdə mövqeyinin beynəlxalq mediaya düzgün çatdırılması dili və terminologiyanın dəyişməsi”, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov “Media nümayəndələrinin işğaldan azad olunmuş bölgələrdə davranışı” və BMTM-in baş məsləhətçisi Vasif Hüseynov “Xarici mediada Azərbaycan həqiqətlərinin çatdırılmasına dair məqalələrin yazılması” mövzularında mühazirə oxuyublar.

Təlimlərin ikinci günündə XİN-də nazir müavini Elnur Məmmədovun “Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması. Təhdidlər və perspektivlər”, Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevin “44 günlük Vətən müharibəsi dövründə və ondan sonra beynəlxalq təşkilatlar çərçivəsində aparılan fəaliyyət”, Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın “Postmünaqişə dövründə Azərbaycanın xarici siyasətinin prioritetləri” mövzularında mühazirələri dinlənilib.

Təlimlərin üçüncü günü Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi, Hərbi Nəşriyyat və Hərb Tarixi Muzeyinə press-tur təşkil ediləcək. Sonda treninq iştirakçılarına sertifikatlar təqdim olunacaq.