YARAT Müasir İncəsənət Məkanının 10 illiyi münasibətilə Daş Salnamə Muzeyində açılan “Ön söz – on söz” xronikal qrup sərgisi davam edir.

Sərgi YARAT-ın ilk layihəsi olan “Ön söz”ə istinadla bu dövr ərzində keçilən yola nəzər salır və yeni nəsil müasir rəssamların yetişdirilməsi və formalaşdırılmasında YARAT-ın oynadığı rolu vurğulayır.

Yaddaş və tarix anlayışları ətrafında toplanmış ekspozisiya keçmişin indiki anımıza qədər diffuziya etməsinin etirafıdır. Sərgi ənənə və cəmiyyət, dəyərlər sistemi, ziddiyyətli həqiqətlər mövzularına toxunur, insan varlığı və mövcudluğunda keçmişin əhəmiyyətini və rolunu ön plana çəkir.

Ekspozisiya YARAT kolleksiyasından Afruz Amighi, Faiq Əhməd, Rəşad Ələkbərov, Çinarə Məcidova və Elturan Məmmədovun instalyasiya, heykəl, video və fotoəsərlərini bir araya gətirib. Yanvarın 31-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.