Kollecdə 12 ixtisas üzrə 2100-dən çox tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 170-dən çox müəllim məşğul olur
   
   2006-cı ildən fəaliyyət göstərən və ölkədə turizm üzrə orta texniki ixtisas təmayüllü yeganə təhsil ocağı olan Mingəçevir Turizm Kollecinin 5 illik yubileyi təntənəli şəkildə qeyd olunub. İyunun 14-də keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
   
   Təhsil ocağı əlamətdar yubileyə ötən zaman kəsiyində əldə etdiyi nailiyyətlərlə gəlib. Bu nailiyyətlər yubiley öncəsi nəfis şəkildə çap olunmuş xüsusi məcmuədə, bukletlərdə, tədbirdə nümayiş olunan sənədli filmdə öz təcəssümünü tapmışdı.
   Bir sözlə, yubiley tədbirində 12 ixtisas üzrə təhsil alan 2111 tələbənin yüksək təhsil aldığı, elmlər doktoru, professor, elmlər namizədlərinin və digər təcrübəli müəllimlərin daxil olduğu 173 nəfərlik pedaqoji heyətin çalışdığı kollecin 5 illik nailiyyətlərini daha dolğun formada ictimaiyyətə çatdırmaq üçün gözəl fürsət yaranmışdı.
   Yubileyin bir özəlliyi də ondan ibarət idi ki, təntənələr Azərbaycan xalqının taleyində xüsusi önəmi olan 15 iyun Milli Qurtuluş Günü ərəfəsinə təsadüf edirdi. Tədbirin ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişinin növbəti ildönümü ilə üst-üstə düşməsi bayrama və şadyanalığa ikiqat sevinc qatdı.
   Yubiley tədbirləri ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlandı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmlər doktoru, professor Əyyub Əyyubov, şəhərin müxtəlif dövlət idarələrinin rəhbərləri və digər qonaqlar böyük öndərin abidəsi önünə tər çiçəklər qoydular.
   Kollecin tədris korpusuna daxil olan mədəniyyət və turizm naziri və digər qonaqlar Azərbaycanda turizmin inkişafı perspektivlərini əks etdirən rəsm sərgisinə tamaşa etdilər. Sərgi maraqla qarşılandı, qonaqlar xoş təəssüratlarını ifadə etdilər.
   Kollecin mərtəbələrini bəzəyən stendlər də qonaqlar tərəfindən təqdirlə qarşılandı. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti, prezident İlham Əliyevin Mingəçevirə səfərləri, kollecin beynəlxalq əlaqələrini əks etdirən fotolarda dəyərli məlumatlar yer alırdı. Burada mədəniyyət və turizm nazirinin kollecə ilk səfərini xatırladan fotostend də yer almışdı.
   Nazir informatika kabinəsinə, auditoriyalara və digər tədris bölmələrinə də baş çəkdi. Kollecin internet saytı, test imtahan suallarının hazırlanma prosesi ilə yaxından tanış olaraq görülən işlərdən məmnun qaldığını ifadə etdi.
   Sonra tədbir kollecdə, Heydər Əliyev adına İdeoloji mərkəzdə davam etdi. Tədbiri açan kollecin direktoru, professor Əyyub Əyyubov mədəniyyət və turizm naziri başda olmaqla çoxsaylı qonaqların yubiley tədbirində iştirakını təhsil ocağının kollektivinə göstərilən böyük hörmət, diqqət və qayğı nümunəsi kimi dəyərləndirdi. Direktor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixindən, fəaliyyətindən və ötən beş ildə qazanılan uğurlardan danışdı.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kollecin 5 illik yubileyinin 15 iyun Milli Qurtuluş gününə təsadüf etməsini sevinc doğuran hadisə adlandırdı. O ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında unudulmaz xidmətlər göstərdiyini, bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.
   Təhsil müəssisəsinin beşillik fəaliyyətini yüksək qiymətləndirən nazir kollecin ölkəmizdə turizm sektorunun inkişafına verdiyi töhfələrdən danışdı, təhsil ocağının kollektivini yubiley münasibətilə təbrik etdi. Bildirdi ki, prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması turizm sektorunun inkişafını daha da sürətləndirib. Bu sahənin inkişafı üçün peşəkar kadrların hazırlanmasının önəmini qeyd edən nazir Mingəçevir Turizm Kollecinin uğurla fəaliyyət göstərdiyini dedi. Nazir kollecin beynəlxalq əlaqələrinə də toxunaraq Şotlandiya, Rumıniya, Rusiya təcrübəsinin ən yaxşı tərəflərinin mənimsənilərək kollecdə tətbiq olunmasının əhəmiyyətini vurğuladı.
   Kollecin kollektivi adından nazir Əbülfəs Qarayevə müəllimlər üçün mantiya dəsti hədiyyə edildi. Sonra mədəniyyət və turizm naziri və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev kollecin 4 əlaçı tələbəsinə - Elvir İsayevə, Rəna İsmayılzadəyə, Mahmud İbrahimova və Etibar Babayevə fəxri fərmanlar təqdim etdilər. Pedaqoji heyət qarşısında çıxış edən Mübariz Ağayev kollecin uğurlarından və yubiley təəssüratlarından məmnun qaldığını bildirərək kollektivə uğurlar arzuladı.
   Turizm Kollecinin yubiley tədbirləri “River Side” otelində davam etdirildi. Burada kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin inkişafı və perspektivləri və Mingəçevir Turizm Kollecinin 5 illik fəaliyyəti barədə danışdı, media təmsilçilərinin suallarını cavablandırdı.
   Sonra yubiley tədbiri otelin geniş salonunda davam etdirildi. Çoxsaylı qonaqları salamlayan Turizm Kollecinin direktoru Əyyub Əyyubov onları Milli Qurtuluş Günü və kollecin 5 illik yubileyi münasibəti ilə təbrik etdi. Kollecin 5 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olundu.
   Ardınca növbəti dəfə yubiley iştirakçılarına müraciət edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ikiqat bayram münasibətilə hər kəsə ən xoş arzularını çatdırdı. O, turizmin perspektivlərinə toxunaraq kollecin üzərinə böyük missiya düşdüyünü qeyd etdi. Mingəçevir Turizm Kollecinin bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini vurğuladı. Çıxışının yekununda nazir kollecin kollektivinin 8 üzvünə uğurlu fəaliyyətinə görə fəxri fərmanlar təqdim etdi.
   Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev də təbriklərə qoşularaq Turizm Kollecinin ünvanına xoş sözlərini çatdırdı. Kollecin təhsildə əldə etdiyi nailiyyətlərlə yanaşı, şəhərin ictimai həyatında da daim fəallıq nümayiş etdirdiyini bildirdi. Ardınca şəhər İcra Hakimiyyətinin fəxri fərmanları kollektiv üzvlərinə təqdim olundu. Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı, şəhər Təhsil şöbəsi, EL TV kanalı və digər təşkilat rəhbərləri təbriklərini çatdırdılar, kollektivə bayram hədiyyələri təqdim olundu.
   Mingəçevir Turizm Kollecinin 5 illik yubiley tədbiri bayram ziyafəti ilə yekunlaşdı. Kollec tələbələri və şəhər incəsənət xadimləri konsert proqramı ilə çıxış edərək yubiley iştirakçılarının qəlbində xoş ovqat oyatdılar. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar