Sumqayıt Dövlət Dram Teatrının repertuar planı tərtib edilərkən hər zaman uşaq və yeniyetmələr də nəzərə alınır. Bu işdə milli əsərlərlə yanaşı, tanınmış xarici müəlliflərə də müraciət olunur.

Vaxtilə teatrın repertuarında yer alan maraqlı tamaşalardan birinə – H.X.Andersenin yenidən səhnələşdirilən “Şahzadənin ulduzu” tamaşasına daxili baxış keçirilib. Quruluşçu rejissoru Vasif Məmmədov olan tamaşanın tərtibatı Nizami Dadaşova, rəqslərin quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur.

Rolları teatrın aktyorları Dağlar Rüstəmov, İlqar İbrahimov, İradə Zeynalova, Sevda Hüseynova, Etibar Əmirov, Məryəm Hüseynli, Aynur Hümmətova, Elmir Mehdiyev, Ceyhun Məhərrəmov və Ramazan Xanlarov canlandırırlar.

Baxışdan sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, baş rejissor, Xalq artisti Firudin Məhərrəmov bərpa edilmiş tamaşa barədə fikirlərini söyləyiblər. Qüsurlu epizodlar diqqətə çatdırılıb və tamaşanın məktəblilərə göstərilməsi məqbul sayılıb.