Şəhid qəhrəmana həsr olunan kitabın təqdimatı keçirildi

 

Yanvarın 24-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Dönməsəm, xatirəm qalsın” adlı tədbirdə Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun doğum gününə həsr edilmiş “Mən Əliyəm” kitabının təqdimatı keçirildi.

Təqdimatda Milli Məclisin deputatları, Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, qazilər iştirak edirdilər.

Mərasimdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev 44 günlük Vətən müharibəsindən və şanlı Zəfərimizdən danışaraq  şəhidlərin xatirəsinin daim böyük ehtiramla anıldığını, onların ailə üzvlərinin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu bildirdi.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Vətən müharibəsi şəhidlərinin xatirələrinin yad edilməsinin, anım günlərinin keçirilməsinin önəmindən danışdı. Bu cür tədbirlərin keçirilməsinin yeni nəslə Vətən sevgisinin aşılanmasında mühüm rol oynadığını qeyd etdi.

ADNSU-nun rektoru Mustafa Babanlı Vətən müharibəsində rəhbəri olduğu ali təhsil müəssisəsinin 23 şəhid verdiyini diqqətə çatdırdı, onların adlarının bu  təhsil ocağında auditoriyalarda yaşadıldığını bildirdi.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin rəisi Zümrüd Səmədova, “Mətanət A” şirkətinin  rəhbəri Elxan Bəşirov çıxışlarında Ordumuzun 44 günlük müharibədə şücaətindən, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımızın azad edilməsindən, şəhid Əlihüseyn Məmmədovun həyat və döyüş yolundan, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışdılar.

Çıxışlardan sonra şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova ilə dialoqu əsasında hazırlanmış videoçarx təqdim olundu. Daha sonra Zəfər marşının sədaları altında Vətən müharibəsi qazisi, şəhidin döyüş yoldaşı Elnur Əkbərov Azərbaycan bayrağı ilə səhnəyə qalxdı.

Şəhidin anası oğlunun xatirəsinə göstərilən ehtirama, şəhid ailələrinə olan diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Tədbir Əlihüseyn Məmmədova həsr edilmiş musiqi nömrələri, BMM-in solistləri Məmməd Nəcəfov (xanəndə), Rövşən Qurbanov (tar) və Ceyhun Muradovun (kamança) muğam parçalarını ifası və şəhidin portretlərinin nümayişi ilə davam etdi. Həmçinin dizayner Kübra Nuriyevanın “Qarabağ” kolleksiyasından geyim nümunələri təqdim edildi.

Lalə Azəri