Tehrandan birbaşa reyslə Füzuliyə

 

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, İran nümayəndə heyəti Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş ərazilərə səfər edib.

İlk növbədə qonaqlara təyyarənin Tehrandan birbaşa reyslə endiyi Füzuli Beynəlxalq Hava Limanı barədə məlumat verilib. Aeroportun cəmi 9 ay ərzində inşa olunduğu diqqətə çatdırılıb.

Sonra heyət Azərbaycanın Ermənistanla həmsərhəd Zəngilan rayonunda beynəlxalq nəqliyyat marşrutunun bir hissəsi olan Horadiz–Ağbənd dəmiryolu layihəsi üzrə görülən işlərlə tanış olublar. Layihənin əhəmiyyəti haqqında danışılıb, İranın bu layihədə iştirakının vacibliyi vurğulanıb.

Qonaqlar həmçinin Zəngilan Beynəlxalq Hava Limanının inşası ilə bağlı işlərlə tanış olublar.

Daha sonra Zəngəzur dəhlizində inşa olunan avtomobil tunellərinə və Cocuq Mərcanlı qəsəbəsində dəmiryoluna baxış keçirilib, avtomobil və dəmiryolu layihələri ilə bağlı təqdimatlar dinlənilib.

İşğaldan azad edilmiş ərazilərə səfər zamanı qonaqlara ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlər barədə məlumat verilib. Nümayəndə heyəti Füzuli şəhərinin xarabalıqlarının, buradakı bütün yaşayış və infrastruktur obyektləri, eləcə də məscidlərin tamamilə dağıdıldığının şahidi olublar.

“Biz işğaldan azad olunmuş Azərbaycan ərazilərində həyata keçirilən layihələrdə İran şirkətlərinin də iştirakını istəyirik” – iranlı nazir bunu jurnalistlərə açıqlamasında bildirib. Rüstəm Qasimi ölkəsinin Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu deyib: “İşğaldan azad olunmuş ərazilərdə görülən işlərlə, çəkilən dəmir və avtomobil yolları ilə tanış olduq. Azərbaycan ərazilərin yenidən qurulmasında böyük işlər görür. İran İslam Respublikası qonşu ölkələrlə, xüsusən Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır”.