Tarixi-mədəni məkanlar və erməni vandalizminin izləri ilə tanış olublar

 

Xəbər verdiyimiz kimi, yanvarın 24-də Bakı-Şuşa və Bakı-Ağdam marşrutları üzrə ilk avtobus reysləri həyata keçirilib.

Saat 6:30-da yola düşən və saat 13:00 radələrində Şuşaya çatan 44 sərnişinin olduğu avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb. Mərasimdə Prezidentin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, şəhər Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Bakı-Şuşa avtobus reysinin açılması şəhər üçün xüsusi əhəmiyyət daşıyır.

Bildirib ki, Şuşanın azad olunmasından keçən bir ildən artıq vaxt ərzində Prezident İlham Əliyevin tapşırığı və nəzarəti ilə şəhərdə irimiqyaslı bərpa və quruculuq işlərinə başlanıb. Bu sırada tarixi-mədəni abidələrin bərpası, yeni məktəb, xəstəxana, müasir yaşayış kompleksinin inşasını qeyd etmək olar.

Xüsusi nümayəndənin sözlərinə görə, Bakı-Şuşa avtobus reysinin ilk sərnişinləri mədəniyyət paytaxtımızın dirçəlməsinin canlı şahidi olacaqlar. O, səfərin təşkil olunmasına görə ölkə rəhbərliyinə və aidiyyəti qurumlara təşəkkür edib.

Polis şöbəsinin rəisi Səməd Məhərrəmov sərnişinləri salamlayaraq müvafiq təhlükəsizlik tədbirləri haqqında məlumat verib və qonaqlara xoş əhval arzu edib.

Sonra sərnişinlər Şuşa qalası, Bülbülün Şuşada yenidən qurulan ev-muzeyi, Cıdır düzü kimi məkanları ziyarət ediblər.

***

Yanvarın 24-də ilk avtobus reysi ilə Ağdama gələn sərnişinlər qarşılanma mərasimindən sonra Cümə məscidində dua edib, Ağdam Dövlət Dram Teatrı binasının qalıqlarına baxıb, vaxtilə Şəhidlər xiyabanının olduğu  məkanı ziyarət ediblər, İmarət kompleksi və Şahbulaq qalası ilə tanış olublar.

Erməni barbarlığını gözləri ilə görən sərnişinlərə Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri barədə də ətraflı məlumat verilib.

Bakı-Şuşa-Bakı marşrutu üzrə reyslər həftədə dörd dəfə, Bakı-Ağdam-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Şuşaya avtobus biletinin qiyməti 10 manat 40 qəpik (gediş-dönüş biletləri eyni vaxtda alınır, cəmi 20 manat 80 qəpik), Bakıdan Ağdama 9 manat 40 qəpik (gediş-dönüş 18 manat 80 qəpik) təşkil edir.

Marşrut xətlərinə bilet satışı onlayn qaydada “Yolumuz Qarabağa” portalı vasitəsilə həyata keçirilir. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir. İmtiyazlı şəxslər də daxil olmaqla bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir. Sərnişin daşınması ilə bağlı müəyyən olunmuş kateqoriyalar üzrə növbəliliyin təmin edilməsi, kvotalara riayət edilməsi və güzəştlərin tətbiqi məqsədilə onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin COVİD-19 virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirən sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub.

Onu da əlavə edək ki, Bakı-Şuşa-Bakı marşrutu üzrə fevralın 15-dək istiqamətdə bütün reyslərə biletlər artıq satılıb. Bakı-Ağdam-Bakı marşrutu üzrə isə sərnişinlər bir gün sonra yerinə yetiriləcək reyslərə bilet ala bilərlər.