Paytaxtın Səbail rayonunda, metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda yanvarın 18-də açılışı keçirilən Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə tərəfindən qərar qəbul edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu əməli törətməkdə təqsirləndirilən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barələrində Səbail Rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.