Yanvarın 26-da Tbilisi şəhərində Dövlət Turizm Agentliyi və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında turizm əlaqələrinin inkişafı ilə bağlı işgüzar görüş keçirilib.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvirivişvilinin iştirakı ilə turların və məhsulların yaradılması üzrə hazırlanan “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” barədə müzakirələr aparılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, müzakirələrdə Azərbaycan və Gürcüstanın müəyyən hədəf bazarlar üçün müştərək marketinq və təbliğat kampaniyası aparmasının məqsədəuyğunluğu da vurğulanıb. İki ölkə arasında turizm və mülki aviasiya sahəsində əməkdaşlığın prioritetləri, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində turizmin bərpası və inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Layihəyə əsasən, planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.

Həmin gün Tbilisidəki “Azerbaijan.Travel” qonaq mərkəzində yerli turoperatorlar üçün “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin təqdimatı keçirilib. Gürcüstan paytaxtında “Azerbaijan.Travel” qonaq mərkəzi 2019-cu ildən fəaliyyət göstərir.