Diplomatik əlaqələrin 30 illiyi münasibətilə

 

Çin Xalq Respublikası (ÇXR) ilə beş Mərkəzi Asiya dövləti – Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə yüksək səviyyədə videokonfrans keçirilib.

ÇXR-in sədri Si Cinpin, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan prezidentləri  Şavkat Mirziyoyev, Kasım-Jomart Tokayev, Sadır Japarov, Emomali Rahmon və Qurbanqulu Berdiməhəmmədovun onlayn  görüşündə birgə bəyanat qəbul olunub.

Si Cinpin görüşdə bu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, yaxın 3 il ərzində beş Mərkəzi Asiya respublikasında iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə 500 milyon dollar təmənnasız yardım təklif edib. Çin rəhbəri deyib ki, bu proqram təhsil, elmi tədqiqat, səhiyyə sahəsində kadrların hazırlanması, kasıblığın aradan qaldırılması, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişafı və digər sahələri əhatə edəcək.