Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ümumtürk mədəni irsinin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirməkdədir. “Azərbaycan qadın şairlərinin poeziya antologiyası”nın hazırlanması, görkəmli şairələrimizin əsərlərinin müxtəlif dillərə tərcümə edilməsi və nəşri bu qəbil layihələrdəndir.

İndiyədək Azərbaycan, ingilis, alman və italyan dillərində nəşr edilən “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı ərəb dilində də işıq üzü görüb.

Fonddan a bildirilib ki, nəşr ərəb auditoriyasını Azərbaycan şairələrinin mənəvi dünyası ilə yanaşı, qadınların cəmiyyətdəki mövqeyi və onların ədəbiyyatdaı rolu, eləcə də Azərbaycanın mədəni dəyərləri ilə tanış edir.

Kitab Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Mənəvi ucalıq” adlı ön sözü ilə açılır. Antologiyanı Azərbaycan dilindən ərəb dilinə Misirin Ain Şams Universitetinin professoru, vaxtilə Bakıdakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsində çalışmış Əhməd Sami el-Aydi tərcümə edib. İllüstrasiyaların müəllifi gənc rəssam Məryəm Əsədovadır.

Antologiyada Məhsəti Gəncəvi, Ağabəyim ağa Ağabacı, Xurşudbanu Natəvan, Ümmügülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün və digər qadın söz sənətkarlarının şeirləri yer alıb.