Hacı Zeynalabdin Tağıyev haqqında interaktiv dərs

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı interaktiv dərslərə start verilib.

Muzeydən bildiriblər ki, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti haqqında əsaslı bilgiləri paylaşmaq və gənc nəslə milli-mənəvi dəyərləri aşılamaq məqsədilə burada mütəmadi olaraq dərslər keçirilir. Vaxtilə böyük mesenatın evi olmuş tarixi binada Milli Azərbaycan Tarixi Muzeyinin nəzdində “H.Z.Tağıyev klubu” da fəaliyyət göstərir.

Buradakı H.Z.Tağıyevin ev-muzeyində keçirilən interaktiv dərsdə Bakı İstanbul liseyinin şagirdləri iştirak ediblər.

Dərsin birinci hissəsində muzeyin Bərpa laboratoriyasının müdiri, dosent Afət Rüstəmbəyova Tağıyevin həyat və fəaliyyətindən bəhs edib. Sonra H.Z.Tağıyevin ev-muzeyinin arxitekturası haqqında şagirdlərə ətraflı məlumat verilib. İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşı Qənirə Qafarlı tərəfindən 7-16 yaş qrupu üçün nəzərdə tutulmuş intellektual oyun təşkil olunub.