Dünyanın okean və dəniz sahillərində yerləşən ölkələrində turizmin inkişafında çimərlik təsərrüfatının mühüm rol oynadığı heç kimə sirr deyil. Bunu Türkiyənin, İspaniyanın, Misirin və s. ölkələrin timsalında görə bilərik.
   
   Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi ölkəmizdə çimərlik turizminin inkişafı üçün çox böyük imkanlar yaradır. Mütəxəssislərin fikrincə, bu imkandan istifadə etməklə ildə çimərlik turizmindən külli miqdarda gəlir götürmək mümkün olar. Lakin hələlik bu imkanlardan yetərincə yararlana bilmirik. Səbəblər isə müxtəlifdir.
   
   Gigiyena və Epidemiologiya Mərkəzi təminat verir
   
   Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hər il olduğu kimi, bu il də çimərlik mövsümü başlamamışdan öncə Azərbaycanın çimərliklərində mövcud durumu araşdırmaq məqsədilə təhlil aparıb. Mərkəzin məlumatında bildirilir ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran sahil zolaqlarında və “Amburan” çimərliyi ərazisində, Novxanı və Corat bağlarının sahilboyu ərazilərində suyun bakterioloji vəziyyəti norma daxilindədir. Qeyd edək ki, artıq bir neçə ildir Ekologiya və Təbii Sərvətlər Nazirliyi Abşeron yarımadasının qeyd olunan sahil zonalarında beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab sutəmizləyici qurğu quraşdırıb. Belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində) bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb, habelə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıq müəyyən edilib.
   
   Kanalizasiya xətti sahildən 400 metr dənizin içərisinə açılmalıdır
   
   Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov deyir ki, çimərlik zonalarında çirklənmənin bu qədər olmasının başlıca səbəbi bütün bağ evlərinin hamısının kanalizasiyasının sahilə açılmasıdır. Onun sözlərinə görə, kanalizasiya xətti sahildən 400 metr dənizin içərisinə açılmalıdır ki, çirkab sular sahilə gəlməsin, axıb getsin. Amma Bilgəhdə, Novxanıda və digər sahil zonalarında 5-10 metr sahildən aralıda kanalizasiya xətləri dənizə açılır: «Şıx çimərliyində vəziyyət lap pisdir, burada bağırsaq çöplərinin miqdarı normadan dəfələrlə artıqdır. Dənizdə təmiz suda çimmək üçün gərək qayıqla sahildən 1-2 km uzaqlaşasan. Bunu isə turistə təklif etmək təhlükəsizlik baxımından mümkün deyil».
   
   Çimərlik turizminin potensialından cüzi şəkildə istifadə edilir
   
   Coğrafiya elmləri namizədi, Bakı Dövlət Universitetinin müəllimi Səkinə Zülfüqarova isə Azərbaycanda çimərlik turizminin zəif inkişaf etməsinin səbəbini imkanlardan lazımınca istifadə olunmamasında görür: “Bir çimərlik mövsümündə Azərbaycanın Xəzər sahillərində təxminən 8 milyon adamın istirahəti üçün imkan var. Amma statistika göstərir ki, Xəzər çimərliklərindən ildə təxminən yarım milyon nəfər istifadə edir ki, bu da çox cüzi göstəricidir”.
   Mütəxəssis deyir ki, Xəzər sahili çimərliklərin ərazisinin özəlləşdirilməsi də məsələnin digər problemli tərəfidir: “Xəzər sahili boyu çimərlik əraziləri dövlətə məxsus olmalı, belə ərazilər çimərlik təsərrüfatı üçün uzun müddətə icarəyə verilməlidir. Azərbaycanın hazırda maliyyə imkanlarının artdığı bir dövrdə Xəzərin çimərliklərini dövlət səviyyəsində Avropa standartlarına cavab verən bir səviyyədə yenidən qurmaq olar. Bunun üçün Xəzər dənizinin çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalı, birinci, ikinci, üçüncü növbədə onlardan necə istifadə məsələləri dəqiqləşdirilməlidir».
   
   Sahilboyu hotellərin məsələyə münasibəti
   
   Bakının Şıx qəsəbəsi ərazisində yerləşən «Ramada» hotelinin satış üzrə meneceri Səbinə Yusibova Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Şıx çimərliyinin çirkli elan edilməsinin onların müştərilərinin sayına təsir etmədiyini bildirir. Onun sözlərinə görə, çimərliyin hotelin ərazisinə düşən hissəsinə sutəmizləyici qurğular quraşdırılıb: «Buna görə də bizim ərazidə su təmizdir və normalara cavab verir. Hotelimizin müştəriləri heç vaxt suyun çirkli olmasından narazılıq etməyiblər. Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlığı digər ərazilərə aiddir. Bizə sadəcə dənizdə çimmək üçün gələnlər də çoxdur».
   
   Nabran bölgəsində çimərlik məsələsinə kompleks yanaşılmalıdır
   
   Nabranda Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən «Xəzər» turbazasının direktoru Fayis Məmmədovun Azərbaycanda çimərlik turizminin lazımi səviyyədə inkişaf etməməsinə münasibəti də maraq doğurur. Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin 90 faizi mədəni, ekoloji, idman turizmi həvəskarlarıdır. Çimərlik turizminə gələnlərin sayı çox cüzidir. Çünki bizdə bu turizm növünə lazımi diqqət yetirilmir: «Hazırda Nabran bölgəsinin çimərliklərində bir nəfər də olsun xarici turist tapmaq mümkün deyil. Çünki ekoloji baxımdan vəziyyət çox ağırdır. Çirkab suları dənizə axıdılır. Normal kanalizasiya sistemi yoxdur. Bu gün Nabran çimərliklərini bir tərəfdən fərdi müəssisələrdən atılan tullantılar, ikinci tərəfdən heyvanlar çirkləndirir, dənizin kənarında yol da bərbad vəziyyətdədir».
   F.Məmmədov çimərliklərdə mövcud vəziyyəti aradan qaldırmaq üçün hər turbazanın qarşısındakı çimərlik sahəsinin sənədləşdirilib həmin turbazalara verilməsini təklif edir: «Bundan sonra istirahət mərkəzləri öz çimərliklərini qaydaya salacaqlar. Şərait yaradılsa, kənardan gələn insanlar da həmin çimərliklərdən istifadə edərlər».
   Həmsöhbətimiz deyir ki, çimərlik məsələsinə kompleks yanaşılmalıdır: “İlk növbədə ümumi kanalizasiya sistemi qurulmalıdır. Sonrakı mərhələlərdə isə həmin ərazilərdə bir neçə sutəmizləyici qurğular yerləşdirilməlidir. Bundan sonra bütün məsələlər öz həllini tapacaq. 1998-ci ildə İran körfəzi ərazisindəki Kiş adasında olarkən gecə qayıqla dənizə gəzintiyə çıxmışdıq. Lampa işığında dənizin dibində mərcanlar görsənirdi. Soruşdum, neçə metr dərinlikdədir, dedilər ki, 10-12 metr. Dənizin suyu görün nə qədər şəffaf idi. Çimərlik turizmini yüksək səviyyədə inkişaf etdirməyin ən birinci şərti dənizdə bu təmizliyi təmin etməkdir».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar