AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan və Türkiyə sahibkarlarını birləşdirən “MÜSİAD Azərbaycan” təşkilatı idarə heyətinin üzvləri ilə görüş keçirilib.

Görüşdə baş direktor, akademik Nailə Vəlixanlı muzeyin Vətən müharibəsi fondunun zəruri ləvazimatlarla təchiz olunmasında göstərdiyi dəstəyə görə “MÜSİAD Azərbaycan”a təşəkkürünü bildirib.

N.Vəlixanlı qeyd edib ki, təşkilatın üzvləri bu xeyirxah addımla ölkəmizdə çoxəsrlik ənənələrə malik mesenatlıq tarixinə öz imzalarını atırlar.

“MÜSİAD Azərbaycan”ın idarə heyətinin sədri Rəşad Cabirli bildirib ki, təşkilat üzvləri muzeyin Vətən müharibəsi fondunun lazımi materiallarla təchizatını öz üzərinə götürdükləri üçün böyük şərəf hissi keçirirlər. O, Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması işində muzeyin mühüm rol oynadığını vurğulayıb.

Sonra qonaqlar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda yaradılan şəraitlə tanış olub, 44 günlük müharibədə qazandığımız Qələbəyə həsr olunan sərgini ziyarət ediblər.

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) 1990-cı ildə İstanbulda qurulub. MÜSİAD-ın 70-dən çox ölkədə çalışan türkiyəli və yerli iş adamlarını birləşdirən strukturları var. “MÜSİAD Azərbaycan” 2018-ci ildə fəaliyyətə başlayıb. Hazırda müxtəlif sahələr üzrə 60-dək sahibkarı birləşdirir. Üzvlərin yarısı Türkiyə, yarısı Azərbaycan iş adamlarıdır.