İnfotur maraqlı təəssüratlarla yadda qaldı
İyunun 25-26-da Mədəniyyət və Turizm Nazirliyi ilə «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubunun dəstəyi, «Millennium» turizm şirkəti və «Xan Lənkəran» hotelinin təşkilatçılığı ilə Azərbaycanın cənub bölgəsinə infotur keçirildi. İki gün davam edən səfər müddətində turizm şirkətləri nümayəndələri, KİV təmsilçilərindən ibarət 35 nəfərlik heyət Lənkəran və Astara rayonlarının tarixi abidələri, mədəniyyəti və turizm potensialı ilə yaxından tanış olmaq imkanı əldə etdi.
Lənkəranda əksər turizm növlərinin inkişafı üçün zəmin var
Səfərin birinci günü infotur iştirakçıları Lənkəranın mərkəzində yerləşən «Xan Lənkəran» hotelində nahar etdikdən sonra rayonun müxtəlif tarixi ərazilərinə ekskursiya etdilər. Qeyd edək ki, Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran rayonunun ərazisi bir tərəfdən Xəzər dənizi, digər tərəfdən Talış dağları ilə əhatə olunub. Bu əlverişli coğrafi şərait rayonda əksər turizm növlərinin inkişafı üçün zəmin yaradır. Lənkəranın zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək, akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı haqlı olaraq Lənkəran florasının inciləri sayılır.
Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınıb. Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10-25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu Xəzər dənizinə tökülür.
Lənkəran torpağı isti su bulaqları ilə də zəngindir. Buradakı Meşə bulağı, Havzova bulağı, İbadi bulağı, Xanbulançay su dəryaçasına yaxın ərazidə yerləşən İsa bulağı rayona gələn turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir. Rayonun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayır. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.
Rayonda tarixi abidələr də çoxdur. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan evi kimi tarixi abidələr qorunub saxlanılıb. Şəhərin qərbində Bəlləbur qalasının xarabaları var. Bu qalanın tikilməsində çay daşından və bişmiş qırmızı kərpicdən istifadə edilib. Qalanın ən uca yerində qüllə ucalıb. Yerli əhali bu qalanı Boz qala da adlandırır.
Dairəvi qala maraqlı turizm obyektidir
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edən qonaqlar bu tarixi abidə haqqında maraqlı məlumatlarla tanış oldular. Muzey həm xarici görünüşü, həm də eksponatların zənginliyi baxımından ziyarətçilərin diqqətini cəlb edir. Bina 1913-cü ildə talış xanı Mir Əhməd xanın dəvəti ilə Fransadan dəvət olunmuş memarlar tərəfindən tikilib. Əvvəllər Mir Əhməd xanın evi olan bu bina 1990-cı ildən muzey kimi fəaliyyət göstərir. Muzey 6 şöbədən ibarətdir. Burada tunc dövrünə, bizim eradan əvvəl II, III əsrlərə aid eksponatlara rast gəlmək mümkündür.
İnfotur iştirakçılarının ziyarət etdikləri 2-ci məkan Lənkəran şəhərində yerləşən Dairəvi qala oldu. Bələdçi «Şəfəq» Ekoturizm İctimai Birliyinin rəhbəri Vamiq Babayevin dediyinə görə, qala 1747-ci ildə tikilib, Nadir şah dövrünə aid olduğu bildirilir. Bu tarixi abidə əvvəllər istehkam qalası kimi, Sovet Rusiyası dövründə isə həbsxana kimi istifadə olunub. Həmin dövrlərdə Stalinin də həbs olunaraq, burada saxlandığı bildirilir. Dairəvi qala 3 mərtəbədən ibarətdir, divarları bişmiş kərpicdən hörülüb. Bütün mərtəbələrə qalxmaqdan ötrü qala içəridən dairəvi dəmir pilləkənlərlə əhatə olunub.
Dairəvi qalanı Lənkəran şəhərinin mərkəzində - Qala xiyabanı ərazisində yerləşən Mayakla birləşdirən tunel də mövcuddur. Burada müəyyən təmir-bərpa işləri aparılsa da qala olduğu kimi qalır. Bələdçi onu da bildirdi ki, Lənkərana gələn bütün turistlərin maraq və istəkləri nəzərə alınaraq qalaya səfər təşkil olunur.
Cənub bölgəsinin turizm potensialı hərtərəfli öyrənilməlidir
İnfotur çərçivəsində «Xan Lənkəran» hotelində bu turizm məkanının fəaliyyətə başlaması münasibətilə iştirakçılar üçün konfrans keçirildi.
Tədbirdə çıxış edən «Millennium» turizm şirkətinin rəhbəri Ruslan Quliyev bildirdi ki, cənub regionuna infoturun təşkil edilməsində əsas məqsəd bölgənin turizm potensialının öyrənilməsi və Mədəniyyət və Turizm Nazirliyinin «Yeni marşrutlar kəşf edək» layihəsi çərçivəsində turizm şirkətlərinə yeni marşrutların təqdim edilməsidir: «Azərbaycanın cənub bölgəsi sovet dönəmində qapalı bir region olduğundan buranın turizm potensialının dərindən öyrənilməsinə böyük ehtiyac var. Bölgə 4 iqlim tipinə malikdir. Bu isə bölgədə rəngarəng turmarşrutların işlənib hazırlanmasına, turizmin alternativ növlərinin təbliğ olunmasına böyük zəmin yaradır. Azərbaycanda və ümumiyyətlə Qafqazda İpək yolunun kombinə olunmuş marşrutlarında Lənkəran strateji əhəmiyyətə malik bir rayondur».
2011-ci ilin ölkə rəhbərliyi tərəfindən «Turizm ili» elan olunduğunu önə çəkən şirkət rəhbərinin sözlərinə görə, turlar silsilə şəklində davam etdiriləcək: «İnanırıq ki, belə turların təşkili Azərbaycanda daxili turizmin inkişafına az da olsa, öz töhfəsini verəcək. Onu da qeyd edim ki, qarşıdakı günlərdə növbəti turun Naxçıvan Muxtar Respublikasına təşkil edilməsi nəzərdə tutulur».
Xarici turistlər Lənkərana gələn qonaqların 30 faizini təşkil edir
Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru İlqar Əzimov bildirdi ki, rayon turizm baxımından çox əlverişli coğrafi ərazidə yerləşir. Bu isə turizmin əksər növlərinin inkişafı üçün zəmin yaradır. Buradakı müalicəvi su qaynaqlarının yaxınlığında müasir tipli istirahət mərkəzləri tikilir: «Turizm obyektlərində xidmətin keyfiyyətinin yaxşılaşdırılması ən vacib şərtlərdən biridir. Buna görə də cənub bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün hər il olduğu kimi, bu il də Lənkəran şəhərində treninq-kurslar təşkil olunacaq. Kurslara Türkiyədən mütəxəssislər dəvət olunacaq. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu treninqlərin təşkil edilməsi turizm obyektlərində müasir tələblərə cavab verə biləcək xidmətin yaradılması məqsədini daşıyır. Onu da qeyd edim ki, Lənkəranda son iki il ərzində istifadəyə verilmiş turizm obyektləri müasir standartlara cavab verə biləcək səviyyədədir. Hazırda Lənkəranda 11 mehmanxana və mehmanxana tipli obyekt lisenziya ilə fəaliyyət göstərir. Bunlardan ikisinin ulduz dərəcəsi var. Rayona gələn turistlərin sayı da ildən-ilə artmaqdadır. Ötən il rayonumuza 7 min nəfərdən artıq turist səfər edib. 2011-ci ilin ilk altı ayı ərzində turistlərin sayı 3 mini keçib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artım deməkdir. Xarici turistlər Lənkərana gələn qonaqların 30 faizini təşkil edir. Bir faktı da nəzərinizə çatdırım ki, Lənkərana daha çox MDB ölkələrindən və İrandan turistlər gəlir. Son dövrlər isə Avropa ölkələrindən və Yaponiyadan da ziyarətçilərimiz olur».
İ.Əzimovun sözlərinə görə, gələcəkdə Lənkəranda ekstremal turizm növlərinin inkişaf etdirilməsi üçün yaxşı zəmin var. Bundan başqa, 2011-ci ildə müasir tələblərə cavab verə biləcək çimərlik istifadəyə verilib. Bütün bunlar yaxın illərdə Lənkəranda turizmin yüksək səviyyədə inkişafına təminat verir.
«Xan Lənkəran» hotel-muzeydir
«Xan Lənkəran» hotelinin baş meneceri Əlimuxtar Bağırov rəhbərlik etdiyi obyekt haqqında məlumat verərək bildirdi ki, bura əvvəlcə restoran kimi fəaliyyət göstərib. Sonradan müştərilərin arzusuna əsasən hotel-restorana çevirib. Hotelin bir qədər qədim üslubda inşa edilməsinin də öz səbəbi var: “Bakının Qala kəndində fəaliyyət göstərən etnoqrafik tarixi muzey kompleksinə getmişdim. Burada Lənkəran sənətkarlığının nümunələrini gördüm və belə qərara gəldim ki, rayonumuzda qədimliyi özündə əks etdirən bir hotel inşa etdirim. İstəyim müştərilərin hotelə daxil olarkən nostalji hisslər yaşamasına nail olmaq idi. Çünki hesab edirəm ki, hotel yalnız yemək və yatmaq üçün deyil. Ona görə də «Xan Lənkəran» hoteli tikilərkən materialların təbii olmasına çalışmışam».
«Xan Lənkəran»a hotel-muzey də demək olar. Çünki burada Azərbaycan və Şərq üslubunun demək olar ki, bütün nümunələrinə rast gəlmək mümkündür. Otaqlarda quraşdırılmış aksessuarlar insanı qədim dövrlərə və orta əsrlərə aparır.
Hotel butik tiplidir və zövqlü insanlar üçün nəzərdə tutulub. Hazırda 15 otaq turistlərin ixtiyarındadır.
Hoteldə müasirliklə qədimliyin birliyini də görmək mümkündür. Belə ki, bütün nömrələrdə kondinsioner, plazma televizor, internet sistemi var. Döşəmənin altında isə qızdırıcı sistemlər quraşdırılıb. Ə.Bağırov bunu Lənkəranın rütubətli rayon olması ilə izah edir: «Çalışmışıq ki, müştərilərin bütün rahatlığını təmin edə bilək. Qışda bizim rayon çox rütubətli olur. Ona görə də hotelin istilik sistemini elə qurmuşuq ki, otaqlar döşəmədən isinsin».
Hotelin xidməti personalının 70 faizi Azərbaycan Turizm İnstitutunun tələbələridir. İşçilərin əksəriyyəti ingilis və rus dillərini bilir. Hətta hotelin fars dilini bilən əməkdaşları da var.
Ə.Bağırov bildirdi ki, gələcəkdə hotelin içərisində «Məşədi İbad» hamamı tikmək niyyətindədir. Bundan əlavə, burada uşaqlar üçün əyləncə vasitələri inşa ediləcək, qonaqlara əlavə xidmətlər təklif etmək üçün paketlər tərtib olunacaq.
Qiymət baxımından da hər təbəqədən olan turistlərin imkanına uyğun olan «Xan Lənkəran» hoteli 2011-ci ilin may ayından Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir.
Səfərin ikinci günü infotur iştirakçıları Astara rayonuna səfər etdilər. Burada onlar «Yanar bulaq» və «Ləm»lə tanış oldular.
Fəxriyyə Abdullayeva