Avropanın Maçu-Pikçusu

 

İsveçin iri nəşrlərindən olan “Expressen” qəzeti Azərbaycandakı Əlincə qalasını Avropanın Maçu-Pikçusu adlandırıb.

Jurnalist Niklas Sessler “Naməlum qala – Avropanın Maçu-Pikçusu” sərlövhəli məqalədə oxucuya belə sualla müraciət edir: “Siz 1500-dən çox pilləkənlə sıldırım piyada cığırı ilə dağa qalxmağa və orada sizi gözləyən möhtəşəm mənzərə –  “Azərbaycan Maçu-Pikçusu” kimi tanınan, nə vaxtsa Teymurləngin xəzinəsinin yerləşdiyi Əlincə qalasının Orta əsrlərdən qalan xarabalıqlarının mənzərəsi ilə rastlaşmağa hazırsınızmı”?

Məqalədə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən, Qərbdə az tanınan möhtəşəm Əlincə qalasından söhbət açılır. Qalanın tikintisi ilə bağlı təfərrüat sonadək məlum olmasa da, alimlər hesab edirlər ki, ilk istehkam burada hələ eramızdan əvvəl birinci əsrdə qurulub. Lakin bu istehkamın yüksəlişi xeyli sonrakı dövrə təsadüf edir. XII əsrdə Eldənizin hökmdarlığı dövründə Naxçıvan regionun qüdrətli mərkəzinə çevrilib. Orta əsrlərdə qala Naxçıvanda hökmdarlıq edən sülalələrin istifadəsində olub.

Məqalədə qalanın alınmazlığı da vurğulanır. Bunu o fakt sübut edir ki, qala 1401-ci ildə sərkərdə Teymurləng tərəfindən tamamilə dağıdılandan əvvəl 14 illik mühasirəyə tab gətirə bilib. Rəvayətə görə, Teymurləng qaladan xəzinə kimi istifadə edib.

İsveçli jurnalist bildirir ki, qala qalın daş divarlarla əhatə olunub və ona yalnız sıldırım piyada cığırı ilə qalxmaq mümkündür. Əlincə qalası əlçatmaz yerdə olduğuna görə jurnalist onu Azərbaycanın Maçu-Pikçusu adlandırır.

Maçu Piçu (ispanca “qoca dağ”) Cənubi Amerikada, indiki Peru ərazisində antik şəhərin qalıqlarıdır. Qədim şəhər yer üzündən silinmiş İnk imperatorluğunun (XI-XV əsrlər) rəmzi hesab olunur.