“Şuşa İli”nə həsr olunan tədbirdə maestro Niyazi yada salındı
Fevralın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Musiqi həvəskarları klubu” “Şuşa İli” ilə bağlı “Musiqili Şuşa” layihəsi çərçivəsində “Hacıbəyovlar: Niyazi” adlı tədbir keçirdi.
Niyazinin Mənzil-Muzeyində gerçəkləşən tədbiri giriş sözü ilə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq diqqətə çatdırdı ki, muzeyin “Musiqi həvəskarları klubu” pandemiya ilə əlaqədar ara verdiyi tədbirlərini bu aydan bərpa edir. 2022-ci ildə baş tutan ilk tədbir isə “Şuşa İli”nə həsr olunub.
Niyazinin Mənzil-Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək əvvəlcə maestro Niyazinin (1912-1984) 110 illik yubileyi münasibətilə görüləcək işlər haqqında məlumat verdi.
Görkəmli dirijor və bəstəkarın yüksək sənətkarlıq keyfiyyətlərindən danışan direktor bildirdi ki, Niyazi dünyada tək-tək yetişən A.Toskanini, V.Furtvengler, Erix Playber kimi dirijorlarla müqayisə edilir: “Maestro səhnədəki özünəməxsus hərəkətlərinə, ifaçılıq tərzinə və dirijorluq üslubuna həmişə sadiq qalıb. Bir-birindən fərqlənən neçə-neçə əsərə dirijorluq edərkən də heç kəsi təkrarlamayıb”.
Muzeyin şöbə müdiri Xanım Abdinova çıxışında Şuşa şəhərinin keçmişindən, tarixdə üzləşdiyi müharibələrdən, erməni faşistlərinin 28 il əsarətdə saxladığı və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən azad edilməsindən danışdı. Mədəniyyət beşiyimizin yetirdiyi sənətkarlardan söz açan şöbə müdiri dedi ki, Şuşanın məşhur nəsillərindən olan Hacıbəyovlar Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Musiqi sahəsində parlayan bu qüdrətli sənətkarlar uca zirvələrə yetiblər. Ölkəsinin, millətinin təəssübünü çəkərək təkrarsız yaradıcılıqları ilə həm də bəşəriyyətə xidmət ediblər. Niyazi də bu tanınmış nəslin layiqli nümayəndələrindəndir. Keçmiş SSRİ-nin və Azərbaycanın müxtəlif ali təltiflərinə, beynəlxalq mükafatlara layiq görülən sənətkarı hamı hər yerdə bir adla tanıyır və bir adla çağırırdı – maestro Niyazi.
Çıxışlardan sonra bədii hissəyə keçildi. Bildirildi ki, 2 fevral ölkəmizdə gənclərin bayramıdır. Bu münasibətlə beynəlxalq və respublika müsabiqələri laureatları – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi tələbələrinin ifalarında konsert proqramı təqdim olundu.
Niyazinin “Rast” simfonik muğamından fraqmentlər, İ.Baxın “Ave Mariya”, F.Bədəlbəylinin “Niyaziyə ithaf”, S.Hacıbəyovun “Kvartet”, Q.Qarayevin “Adajio”, V.Adıgözəlovun “Qərənfil”, T.Bakıxanovun “Görüş yerimiz”, K.Şumanın “Skertso” əsərlərindən ibarət rəngarəng musiqi çələngi alqışlarla qarşılandı.
Savalan Fərəcov