Bakıda möhtəşəm “Kempinski Badamdar” hotel kompleksi istifadəyə verilib
   
   İyulun 2-də Bakıda beşulduzlu “Kempinski Badamdar” hotel kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.
   
   Prezidentə məlumat verilib ki, Bakıda “Kempinski Badamdar” hotel kompleksi kimi möhtəşəm obyektin inşası Azərbaycanın turizm sahəsində qarşıya qoyduğu böyük məqsədlərin növbəti əyani nümunəsidir. Lüks otel Avropada və dünyada xüsusi imicə malik Kempinski hotellər qrupunun standartlarına uyğun inşa edilmişdir. 1897-ci ildə Berlində yaranan, mərkəzi ofisi Cenevrədə yerləşən Kempinski qrupu dünyada ən böyük hotel təşkilatının - Beynəlxalq Hotellər Alyansının yaradıcısıdır. Qrup dünyanın 28 ölkəsində beşulduzlu 65 hotelin sahibidir. Kempinski hotelləri yüksək keyfiyyəti və çoxsaylı bənzərsiz xidmət növləri təklif etməsi ilə də fərqlənir. “Kempinski Badamdar” da ən yüksək standartlara cavab verən dünya miqyaslı hotel kompleksidir.
   Qeyd olundu ki, belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycana maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühitindən irəli gəlir. Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi respublikamızda turizmin inkişafı da sürətlənir. Bu isə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. “Kempinski Badamdar” hotel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir.
   Bildirildi ki, paytaxtın Yasamal rayonunda Mikayıl Müşfiq küçəsində yerləşən “Kempinski Badamdar” hotel kompleksi 2,5 hektar ərazini əhatə edir. Üç mərhələdə inşa edilən bu kompleksin ümumi sahəsi 84 min kvadratmetrdir. Qeyd olundu ki, “Kempinski Badamdar” hotel kompleksi istirahət mərkəzi kimi də fəaliyyət göstərəcək. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. Müasir dizaynı ilə seçilən obyektdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Kompleksin tikintisini “Gilan” MMC-nin sifarişi ilə “Gilan İnşaat” MMC aparmışdır.
   Hotelin birinci mərtəbəsində müxtəlif ofis və mağazalar fəaliyyət göstərəcək. Burada üç iclas salonu da var. Kompleksin 14-cü mərtəbəsində isə ən yüksək standartlara cavab verən otaqlar yerləşir. Hotelin restoranlarında yerli mətbəxlə yanaşı, dünyanın ən tanınmış mətbəxlərinin ləziz yeməkləri də müştərilərə təqdim ediləcək. Kompleksdəki SPA və Sağlamlıq Mərkəzi də müasirliyi ilə diqqət çəkir. İdeal şərait yaradılmış mərkəzin ümumi sahəsi 3,5 min kvadratmetrdir. Qapalı üzgüçülük hovuzu var. Bütün istirahət məkanlarında vitamin barları fəaliyyət göstərir. Mərkəzdəki yapon bağçası isə sadəcə nağıl təsiri bağışlayır. “Kempinski Badamdar” hotel kompleksinin SPA və Sağlamlıq Mərkəzində göstərilən xidmət müştərilərdə zəngin təəssürat yaradacaq və onlara mənalı istirahət bəxş edəcək.
   
   * * *
   Prezident İlham Əliyev mərasim iştirakçılarını təbrik edərək dedi:
   - Kempinski hotelinin Azərbaycanda fəaliyyətə başlaması çox gözəl hadisədir. Çünki bu hotellər dünya miqyasında hotellər içində mühüm yer tutur. Bu hadisə, eyni zamanda, Azərbaycanın inkişafının göstəricisidir. İnvestorların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqəti və marağı əlbəttə ki, bizi çox sevindirir. Mən çox şadam ki, Bakıda belə gözəl, yaraşıqlı hotel fəaliyyətə başlayır. Bu, şəhərimizə əlavə yaraşıq, gözəllik verəcəkdir. Hotelin xarici görünüşü gözəldir və daxili tərtibatı da ən yüksək səviyyədədir.
   Bu il Azərbaycanda “Turizm ili” elan edilibdir. Bu, təsadüfi deyildir. Çünki turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaqdır. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik.
   İndi bütün bölgələrdə yeni, gözəl, müasir mehmanxanalar, turizm məntəqələri açılır. Əlbəttə ki, ən gözəl hotellər Bakı şəhərində fəaliyyətə başlayır. Bu il təkcə Bakıda beşulduzlu altı hotel istifadəyə veriləcək. Onların içində birinci hotel “Kempinski Badamdar” hotelidir.
   Bir il ərzində bir şəhərdə beşulduzlu altı hotelin, özü də ən məşhur hotellər şəbəkəsinə mənsub olan hotellərin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizdə xidmət sektoru inkişaf edir. Əvvəlki dövrdə - 10-15 il bundan əvvəl investorları Azərbaycanda cəlb edən sahələr enerji sektoru ilə məhdudlaşırdı. Bu da yəqin ki, təbii idi. Çünki o vaxt Azərbaycanda infrastruktur, şəhər nəqliyyatı lazımi səviyyədə deyildi, ümumiyyətlə, müstəqil ölkəmizin inkişafı birinci mərhələdə idi. Ancaq bu gün, ölkəmizin indiki dövründə xidmət sektoruna qoyulan sərmayə xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, növbəti illərdə bu işlər bütün istiqamətlərdə daha da sürətlə aparılacaqdır.
   Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu həm biz deyirik, həm də şəhərimizin qonaqları etiraf edirlər. Gözəl şəhərdə qonaqları qəbul etmək üçün gözəl şərait olmalıdır. Burada yaradılan şərait dünya səviyyəsindədir. Hesab edirəm ki, Kempinski hotellər şəbəkəsinin çərçivəsində bu hotel öz gözəlliyi və funksional mahiyyəti ilə fərqlənəcəkdir. Eyni zamanda, bilirəm ki, Kempinski qrupunun Azərbaycanla bağlı başqa planları da vardır. Bakıda, bəlkə də ölkəmizin digər şəhərlərində yeni təşəbbüslər irəli sürülə bilər. Hər halda, bu hotelin fəaliyyətə başlaması Azərbaycanda hotel biznesinə böyük təkan verəcəkdir.
   Prezident vurğuladı ki, Azərbaycanda xarici investisiyalar lazımi səviyyədə qorunur. Həm qanunvericilik bunu təmin edir, həm də ölkə rəhbərliyinin siyasəti bundan ibarətdir: “Məhz bunun nəticəsidir ki, adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan uzun illərdir MDB məkanında birinci yerdədir. Təkcə keçən il Azərbaycan iqtisadiyyatına təxminən 16 milyard dollar sərmayə yatırılıb. Hesab edirəm ki, bu il ölkəmizə qoyulan investisiyaların həcmi daha da çox olacaq və beləliklə, Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar yaradılacaqdır”.
   * * *
   Kempinski hotellər qrupunun Avropadakı hotellər şəbəkəsinin prezidenti Canni van Daalen mərasimdə iştirakına görə prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, sürətlə inkişaf edən Azərbaycanın böyük gələcəyi olacağına əminliyini vurğuladı. Qeyd etdi ki, Kempinski hotellər qrupu Azərbaycanda fəaliyyətə başlamaqdan məmnundur və bu əməkdaşlığın böyük perspektivi var. Bildirdi ki, hotel kompleksində yerli kadrların işlə təmin olunması və onların ixtisaslarını artırması daim diqqət mərkəzində saxlanılacaq.
   Prezident İlham Əliyev “Kempinski Badamdar” hotel kompleksinin xatirə kitabına ürək sözlərini yazdı. Mərasim iştirakçıları dövlət başçısı və ailə üzvləri ilə xatirə şəkli çəkdirdilər.
   Sonra Prezident İlham Əliyev “Kempinski Badamdar” hotel kompleksinin iqamətgahlar və ofislər binası ilə də tanış oldu. 14 mərtəbəli binanın 1-ci mərtəbəsində 850 nəfərlik ziyafət salonu yerləşir. Burada xidmət ən yüksək beynəlxalq standartlara cavab verir. 14-cü mərtəbədəki iqamətgahlar da müasirliyi ilə seçilir. Sahəsi 750 kvadratmetr olan ən böyük iqamətgah dövlət və hökumət başçıları, eləcə də digər yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulmuşdur. 8 və 10-cu mərtəbədəki iqamətgahlarda hər cür şərait yaradılmışdır. 4-7-ci mərtəbələrdə ofislər yerləşəcəkdir. Burada işgüzar şəxslərin istənilən səviyyəli tədbirləri keçirmələri üçün ən xırda incəliklər belə nəzərə alınmışdır. 3-cü mərtəbədə 14 toplantı otağı vardır. Həmin otaqlarda videomaterialların nümayişi və istənilən informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək mümkündür. 2-ci mərtəbədə də toplantı otaqları fəaliyyət göstərəcək. Ən böyük toplantı otağı (525 nəfərlik) da bu mərtəbədə yerləşir. Burada beş dildə sinxron tərcümə üçün texniki imkan yaradılmışdır.
   Kompleksin əyləncə mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, bura müştərilərin ürəyincə olacaq. Müştərilər burada boulinq, bilyard və digər müxtəlif oyunlarla da məşğul olacaqlar. Mərkəzdəki buz meydançası isə müştərilərə əvəzsiz töhfə olacaq. Dövlət başçısı və ailə üzvləri buz meydançasında nümunəvi çıxışları izlədilər.
   Prezident İlham Əliyevə hotel kompleksinin dördüncü mərhələsi çərçivəsində reallaşdırılacaq tədbirlər barədə də məlumat verildi. Dövlət başçısı görülən işləri yüksək qiymətləndirdi və kollektivə uğurlar arzuladı.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar