Musiqi Mədəniyyəti Dövlət Muzeyinin layihələri
Dövlət başçısının müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Bu il eyni zamanda musiqi mədəniyyətimizin görkəmli simaları SSRİ Xalq artistləri Fikrət Əmirovun (1922-1984) 100 və maestro Niyazinin (1912-1984) 110 illik yubileyləri ilə də əlamətdardır.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Şuşa İli” və əlamətdar yubileylərlə əlaqədar müxtəlif layihələr həyata keçirəcək.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qəzetimizə bildirdi ki, artıq “Şuşa İli” ilə bağlı layihəyə başlanılıb. “Musiqili Şuşa” adlı layihə üzrə “Hacıbəyovlar: Niyazi” adlı ilk tədbir keçirilib. İl ərzində silsilə tədbirlər – sərgilər, şuşalı və ya əslən Şuşadan olan musiqiçilərin iştirakı ilə görüşlər, yaradıcılıq gecələri və s. təşkil olunacaq.
Direktor həmçinin qeyd etdi ki, muzey tərəfindən “Şuşa musiqiçiləri” adlı sərgi də hazırlanacaq. Bundan başqa, sosial şəbəkələr üzərindən “Musiqili Şuşa” rubrikası ilə təqdimatlar da nəzərdə tutulub.
Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə nəzərdə tutulan tədbirlər haqqında söz açan Alla Bayramova dedi ki, muzeydə bəstəkarın yubiley gecəsi keçiriləcək. Həmçinin muzeyin kolleksiyaları əsasında “Fikrət Əmirov – 100” başlıqlı sərgi hazırlanacaq. Eyniadlı rubrika ilə virtual sərgi təqdim olunacaq. Əlamətdar yubileylə bağlı “Fikrət Əmirov – 100” adlı kataloq da nəşr olunacaq.
Muzeyin və Fikrət Əmirov adına 6 saylı onbirillik Uşaq incəsənət məktəbinin birgə təşkilatçılığı ilə bu təhsil ocağının 60 illiyinə həsr olunmuş konsertin, gənc rəssamların bəstəkarın 100 illiyinə həsr olunmuş sərgisinin və məktəb tərəfindən hazırlanan kitabın muzeydə təqdimatının keçirilməsi də nəzərdə tutulur.
Alla Bayramova muzeyin maestro Niyazinin 110 illik yubileyinə də öz töhfəsini verəcəyini bildirdi. Bu münasibətlə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyinin ingilis dilində bukleti və Niyazi haqqında kitab işıq üzü görəcək. Eyni zamanda muzeyin kolleksiyası əsasında “Maestro Niyazi – 110” adlı sərgi nümayiş etdiriləcək. “Azərbaycan dirijorluq məktəbi” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq.
Nurəddin