Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ikinci iclası keçirilib

 

Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ikinci iclası dekabrın 19-da Bakıda keçirilib. Xatırladaq ki, komissiyanın birinci iclası ötən ilin 1 martında Ankarada gerçəkləşmişdi.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın həmsədrliyi ilə keçirilən iclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələr üzrə müzakirələr aparılıb.

Qonaqları salamlayan Vaqif Əliyev qeyd edib ki, Türkiyə və Azərbaycan qədim tarixə, ortaq dil, din və mədəni köklərə malikdirlər. Buna görə də ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf edib və rəngarəngliyi ilə fərqlənir: “İşğal altında olan torpaqlarımızın azad olunması, Azərbaycanın tarixi Zəfəri ilə başa çatmış 44 günlük Vətən müharibəsində Türkiyənin qardaş dəstəyi ölkələrimiz arasındakı sarsılmaz birliyin təzahürüdür. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq işləri aparılır. Bu prosesdə də, ilk növbədə, qardaş Türkiyədən misilsiz dəstək göstərilməkdədir. Azad edilmiş ərazilərdə mədəni irsimizin bərpasında, mədəniyyətimizin bu torpaqlarda yenidən bərqərar olmasında Türkiyənin yardımı xüsusi əhəmiyyət daşıyır”.

Vaqif Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının rəhbərliyi və iradəsi ilə iki ölkə arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir: “Bizim vəzifəmiz bu münasibətlərin daha da möhkəmlənməsinə nail olmaq, əməkdaşlıq əlaqələrini daha yuxarı mərhələlərə çatdırmağa töhfə verməkdir. Bu gün burada bir araya gəlməyimizin əsas səbəbi 1 mart 2021-ci il tarixində Ankarada Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ilk iclasının nəticələrini müzakirə etmək və bu istiqamətdə davamlılığa nail olmaqdır. İki ölkənin müvafiq nazirliklərinin təmsil olunduğu komissiyanın ilk iclasından ötən müddətdə mədəni əməkdaşlıq daha da güclənib, müvafiq qurumlar arasında əlaqələr dərinləşib. Birinci iclasın yekununda imzalanmış hesabatda yer alan məsələlərin bir çoxu öz həllini tapıb, bəziləri üzərində isə işlər davam etdirilir”.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan bildirib ki, son iki il Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın inkişafında mühüm mərhələ olub. İki ölkənin iştirakı ilə kino, teatr, muzeyşünaslıq, kitab işi, qeyri-maddi mədəni irs də daxil olmaqla mədəniyyətin müxtəlif sahələri üzrə əhəmiyyətli addımlar atılıb, müxtəlif layihələr həyata keçirilib. Kinofestivallar, kitab sərgiləri, Azərbaycanda “Şuşa İli” çərçivəsində təşkil edilən tədbirlər, “Türk dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində keçirilən silsilə tədbirlər yaddaqalan olub.

Türkiyəli nazir müavini deyib ki, 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşa şəhərində Azərbaycan və Türkiyənin iştirakı ilə birgə böyük tədbirlər, layihələr həyata keçiriləcək. O, həmçinin Türkiyədə yeni tipli kitabxanaların yaradılmasından bəhs edərək bununla bağlı Azərbaycana təkliflər təqdim edə biləcəklərini bildirib. O cümlədən maddi və qeyri-maddi mədəni irs sahəsində Türkiyənin təcrübəsini bölüşməyə hazır olduqlarını diqqətə çatdırıb.

***

İclasda daha sonra iki ölkənin mədəniyyətlə bağlı müvafiq struktur bölmələrinin məsul şəxsləri çıxış ediblər.

 

Tarixi-mədəni irs və kino sahələrində əməkdaşlıq

 

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov bildirib ki, tarix və mədəniyyət abidələrinin bərpası, qorunması və mühafizəsi istiqamətində Türkiyə ilə əməkdaşlığımız davam edir. TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) dəstəyi ilə Böyük Mərdəkan qəsri və Tuba şah məscidinin bərpası ilə bağlı tədbirlər həyata keçirilir. Artıq bütün layihə sənədlərinin hazırlanması və razılaşdırılması istiqamətində işlər başa çatmaq üzrədir: “Qısa müddətə bərpa-konservasiya işlərinə başlanılması planlaşdırılır. Eyni zamanda arxeoloji abidələrdən əldə olunan nümunələrin daha dərin tədqiq olunması üçün Türkiyənin təcrübəsindən istifadə etməyi düşünürük. Artıq “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji qazıntı, tədqiqat və kəşfiyyat işlərinin nəticəsində aşkar olunan artefaktların tarixinin dəqiqləşdirilməsi ilə bağlı radiokarbon və izotop analizlərinin laboratoriya şəraitində tədqiq olunması üçün TİKA-ya müraciət edilib”.

TİKA-nın Azərbaycan üzrə nümayəndəsi Fatih Yılmaz isə Qarabağda bərpa-quruculuq işlərində Türkiyənin əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib və bununla bağlı ölkə rəhbərliyinin də təlimatı olduğunu diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov söyləyib ki, Azərbaycan ilə Türkiyə arasında kino sahəsində də sıx əlaqələr mövcuddur və birgə filmlərin çəkilişi, təcrübə mübadiləsi, beynəlxalq əməkdaşlıq çərçivəsində işbirliyi həyata keçirilir: “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Sevgi hekayəsi” adlı tammetrajlı sənədli filmin təqdimatı olacaq.  Bundan başqa, gələn il Türkiyənin “Bozdağ Film” şirkəti tərəfindən Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə “Qarabağ – Vətən müharibəsi” adlı çoxseriyalı bədii televiziya filminin istehsalı nəzərdə tutulub”.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin baş direktoru Erkin Yılmaz qarşılıqlı əməkdaşlıqdan, “Bozdağ Film” şirkətinin ortaq işlərindən danışıb.

 

Muzey işi və kitab sənayesi

 

Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva iki ölkə arasında muzey işi sahəsində əməkdaşlıqdan danışıb. Deyib ki, Azərbaycan torpaqlarının işğalı zamanı ölkədən qeyri-qanuni yolla çıxarılmış maddi mədəniyyət nümunələrinin “ICOM Red List”inə salınması üçün Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə iş aparılması planlaşdırılır.

Türkiyə Mədəni İrs və Muzeylər İdarəsinin baş direktoru Gökhan Yazqı bununla bağlı qeyd edib ki, ölkədən qaçırılmış, oğurlanmış əsərlərin geri qaytarılması istiqamətində mühüm işlər görülür: “Son 4 ildə 4000-dən çox əsər geri qaytarılıb. Bu, hüquqi anlamda çox böyük uğurdur. Azərbaycanla bu istiqamətdə də iş görməyə, əməkdaşlıq etməyə hazırıq”.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, kitab işi iki ölkə arasında ən prioritet məsələlərdən biridir: “5-9 oktyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ekspo Mərkəzində təşkil olunan VIII Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyə “fəxri qonaq ölkə” kimi iştirak edib.

Bu xüsusda Türkiyənin nazir müavini Ahmet Misbah Demircan da fikirlərini bölüşərək kitab işi ilə bağlı görülən işlərdən bəhs edib, Azərbaycanın və Türkiyənin Milli kitabxanalarında qarşılıqlı şəkildə iki ölkəyə aid guşənin yaradılmasını təklif edib.

 

Yaradıcı sənayelər – əməkdaşlığın yeni sahəsi

 

Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov söyləyib ki, rəhbəri olduğu şöbə ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq şöbəsi arasında əməkdaşlıq əlaqələri qurulub: “Rəqəmsal inkişaf sahəsində Türkiyə ilə ortaq layihəyə imza atdıq. Bu ilin iyun ayında İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığıdırmı?” mövzusunda keçirilən “İDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalında Azərbaycanın ilk süni intellekti “Şuşa”nın kompozisiyası da nümayiş olunub. Kompozisiyada Vətənimizin tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri – xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılır. “Şuşa” adı verilən süni intellekt zalında Qarabağa xas xalça motivləri incələnərək insan əli dəymədən yenidən toxunaraq izləyicilərə təqdim olunub”.

Türkiyə Araşdırma və Təhsil Ümumi Müdirliyi Xalq mədəniyyəti şöbəsinin müdiri Serkan Emir Erkmen yaradıcı sənayelər sahəsində iki ölkənin ortaq layihələrindən, UNESCO-nun komitələri çərçivəsində aparılan əməkdaşlıqdan bəhs edib.

Nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 2023-cü ildə yenidən Türk dünyası sənətçiləri ilə birgə səhnələşdirilməsinin planlaşdırıldığını bildirib: “Şuşa 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyi üçün bu il çərçivəsində Türk dünyasından nümayəndələrin, sənətçilərin də iştirakı ilə operanın premyerasını keçirməyi düşünürük”.

Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova Azərbaycandakı təhsil sistemi və nazirliyin tabeliyində olan musiqi və incəsənət məktəbləri haqqında məlumat verib.

İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Teatr sektorunun müdiri Könül Cəfərova Azərbaycan və Türkiyə teatrları arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən işlərin görüldüyünü deyib: “Gələn il Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 ili tamam olur. Biz bu yubileyi qardaş Türkiyə ilə birgə qeyd etmək, həmçinin bu sahədə kadrların yetişdirilməsi sahəsində (səs rejissoru, işıq rəssamı və s.) Türkiyənin təcrübəsindən yararlanmaq istəyirik”.

Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsi Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı qeyd edib ki, son iki ildə Türkiyə ilə beynəlxalq təşkilatlar, xüsusilə UNESCO, TÜRKSOY çərçivəsində əməkdaşlıq daha da dərinləşib. Bu yaxınlarda Türkiyə ilə birgə “Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri”, “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Molla Nəsrəddin lətifələrinin şifahi ənənəsi” və “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyaları üzrə müsbət qərar qəbul edilib və bu 4 element UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin  Reprezentativ Siyahısı”na daxil edilib”.

İclasda həmçinin Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı, Türkiyə Kitabxanalar və Nəşrlər İdarəsinin baş direktor müavini Ahmet Aldemir və digər qonaqlar çıxış ediblər. Qeyd olunub ki, bu gün aparılan müzakirələr iki ölkə arasında mədəni əlaqələrin böyük gələcəyindən xəbər verir.

Çıxışlardan sonra Vaqif Əliyev və Ahmet Misbah Demircan Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının ikinci iclasının protokolunu imzalayıblar.

Protokolda iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Mədəni irs, kino, muzeyşünaslıq, kitabxanaçılıq, yaradıcı sənayelər, ifaçılıq sənətləri, beynəlxalq və regional təşkilatlarla əlaqələr çərçivəsində mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə görüləcək birgə işlərlə bağlı maddələr yer alıb.

Nazirin birinci müavini Vaqif Əliyev Azərbaycanla Türkiyə arasındakı mədəni münasibətlərin çoxşaxəliliyini və əhatə dairəsini nəzərə alaraq, yeni protokoldakı maddələri özündə ehtiva edən konkret təkliflərdən ibarət yeni Fəaliyyət Planı üzərində işlərin aparılmasını təklif edib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

N.Məmmədli